EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.02.2020 11:17:39

İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 41-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 41-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

İslamazeri.com "APA"ya istinadən verdiyi xəbərə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəni və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə, Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan sonrakı 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir: “Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir”.

C.Cahangirzadə onilliklər ərzində ABŞ tərəfindən tətbiq edilən sanksiyaların İranı diz çökdürə bilmədiyini vurğulayıb: “Bu gün İran İslam Respublikası regional və beynəlxalq səviyyədə öz nüfuzunu artıraraq qalibcəsinə və qürurla ayaqda durur. Bütün bu sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təminetmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir”.

İran İslam Respublikasının bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istədiyini qeyd edən diplomat birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığının və dostluğunun əbədi olduğunu deyib: “Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir. Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının möhtərəm Prezidenti cənab Doktor Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcək. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin öz tarixində ən yüksək səviyyədə olduğuna şahidlik etdiyimə görə çox şadam”.

Baş Nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan Prezidenti İlham Əliyev adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən Baş Nazirin müavini qeyd edib ki, ölkələr arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb: “İranın əldə etdiyi nailiyyətlər yaxın və dost ölkə kimi Azərbaycanı həmişə sevindirir. Azərbyacan Respublikası İran İslam Respublikası ilə dostluğa böyük önəm verir. Qarşılıqlı hörmətə və dostluğa, İslam irsinə əsaslanan əlaqələrimiz ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir. Son illər ərzində dövlət başçılarımızın 13 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən dəyərdir. İran İslam Respublikası Azərbaycan torpaqlarının işğal edilməsini qınayan ilk dövlətlərdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İranın nümayiş etdirdiyi ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin ruhuna ilham verir”.

İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq bazasının yaradıldığını vurğulayan Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən artıq sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb: “2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Konvensiyanın və parlamentlərarası işçi qruplarının da mühüm rolu var. İnanıram ki, cari ildə İranda keçirilməsi nəzərdə tutulan Komissiyanın 13-cü iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək”.

Ticarət əlaqələrinin inkişafından danışan Ş.Mustafayev qeyd edib ki, 2018-ci illə müqayisədə ötən il qarşılıqlı ticarət dövriyyəsi təqribən 12 faiz artıb: “Əlaqələrin daha da genişlənməsi məqsədilə hər iki ölkənin paytaxtında, eləcə də regionlarında iş adamlarının iştirakı ilə müntəzəm görüşlər, biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. İranın iş adamları ölkəmizə yatırım edir. Azərbaycanda xidmət, rabitə, ticarət, sənaye, tikinti, bank və sığorta, nəqliyyat və digər sahələrdə 1614 İran şirkəti fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində açılışı həyata keçirilmiş “Xəzər” avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır”.

Baş Nazirin müavini vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır: “Bu gün böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Keçən il 400 min tona yaxın yük daşınıb ki, bu da əvvəlki illərə nisbətən 45 faiz çoxdur”.

İki ölkə arasında turizm sahəsində də artan əməkdaşlığı xüsusilə qeyd edən nazir müavini bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub: “ASAN viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır. 2019-cu ildən etibarən Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları 15 gün ərzində vizasız səfər edə bilərlər. Eyni zamanda Bakı-Tehran arasındakı hava reysləri ilə yanaşı artıq Bakı-Təbriz və Bakı-Məşhəd arasında da müntəzəm hava reysləri həyata keçirilir. Bir sözlə iki ölkə arasındakı əməkdaşlıq imkanları genişdir. İnanıram ki, dövlət başçılarımızın müəyyən etdiyi siyasətə uyğun olaraq, diqqət və səylərimiz əsasında Azərbaycanla İran arasında bütün sahələrdə əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək”.


Bakıda İslam İnqilabının 41-ci ildönümü tədbiri keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     21.02.2020
    Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini rüşvət ittihamı ilə saxlanıldılar - RƏSMİ
    Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ