Abşeron rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul almağa cəhd edən şəxs peyda olub.
İslamazeri.com xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.
Bildirilir ki, abonentlərdən biri tərəfindən çəkilmiş fotoşəkildən və araşdırmalardan sonra, həmin şəxsin əvvəllər “Azərsu” ASC-də çalışmış və sonradan işdən azad olunmuş Abbasov Şahin Nadir oğlu olduğu məlum olub.
"Ş.Abbasov Xırdalan şəhəri, Masazır, Qobu, Hökməli, Saray qəsəbələri və Atyalı ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. O, daha çox debitor borcu olan abonentləri seçərək onlara borcun bir hissəsinin nağd şəkildə ödənilməsi müqabilində qalan hissəsinin tamamilə silinəcəyini bildirib. Bu yolla bir neçə abonenti aldatmağa müvəffəq olub", - məlumatda deyilir.
“Azərsu” ASC abonentlərin diqqətinə çatdırır ki, bu cür qeyri-qanuni üsullarla debitor borcun silinməsi mümkün deyil və belə təkliflərə aldanmasınlar. Üstəlik mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.
Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nəqd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.