"Bu hücumu terror aktı kimi dəyərləndiririk" - Azərbaycan səfiri
İslamazeri.com xəbər verir ki, dünən Azərbaycanın İrandakı səfirliyinə hücumda yaralanan şəxslərlə xəstəxanada görüşdükdən sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə münasibət bildirib.
O bu günə qədər iki ölkə arasında bənzər hadisə olmadığını bildirirərək, İran XİN rəsmilərinin məsələ ilə bağlı həssaslığı nəzərə alaraq izlədiklərini bildiyini deyib.
Səfir Əlizadə “Bu hücumu terror aktı kimi dəyərləndiririk və bunun İran tərəfindən araşdırılmasını, təhlükəsizlik və istintaq işinin Azərbaycan tərəfinə çatdırılmasını gözləyirik.”, -deyə bildirib.
Səfir bu hücumun əsil səbəblərinin ortaya çıxarılmasını gözlədiklərini də önə çəkib.
Qeyd edək ki, səfirlə birlikdə yaralıları İran XİN rəhbəri Hüseyn Əmir Abdollahiyan da ziyarət edib və açıqlamasında hücumu terror deyil, şəxsi zəmində törədildiyini qeyd edib: "Təhlükəsizlik departamentindəki həmkarlarımızın təsbitləri göstərir ki, cinayətkar bunu şəxsi səbəblərdən və arvadının xüsusi vəziyyəti səbəbindən edib. Həmin şəxsin həyat yoldaşının Azərbaycanda olduğu və həyat yoldaşı ilə uzun müddətdir görüşə bilmədiyini deyib. Fikrimizcə, bu hadisə qəsdən törədilmiş terror aktı deyil və yalnız şəxsi məqsədlər üçün edilib”.