Azərbaycan-Serbiya əlaqələrinin inkişafında YENİ MƏRHƏLƏ

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında YENİ MƏRHƏLƏ
Yayınlanma tarixi: 10.12.2023 12:37:19

Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.

"İslamazeri.com" xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb.

Dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir.

İkitərəfli münasibətlərin inkişafı baxımından 2011-ci ildə yaradılmış Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu əhəmiyyətlidir. Komissiyanın indiyədək 7 iclası keçirilib. Sonuncu iclas 28 aprel 2023-cü ildə Serbiyada baş tutub.

İki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərirlər. Parlament sədrlərinin, eləcə də digər dövlət və hökumət başçılarınn qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin daha da inkişafına güclü təkan verəcək.

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 8-ə çatıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırıla bilər. Serbiya etibarlı tərəfdaş olan Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinə qoşulma perspektivlərini nəzərdən keçirir.

İki ölkə arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq iqtisadi münasibətlərin inkişafında da özünü göstərir. Kənd təsərrüfatı, hava nəqliyyatı, turizm, tibb, nəqliyyat-infrastruktur və digər sahələrdə əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir.

Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında 2023-cü ilin 17 martında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması iki ölkə arasında strateji münasibətlərin digər bariz nümunəsidir. Belə ki, işğaldan sonra ilk dəfə Şuşada qardaşlaşma haqqında Anlaşma Memorandumu məhz Serbiya tərəfi ilə imzalanıb.

Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Serbiyanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Dillər Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Serbiyalı diplomatlar 2019 və 2023-cü illərdə ADA Universitetində təşkil edilmiş Xarici Siyasət Proqramında iştirak edib.

Ölkələrimiz arasında humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. 2011-ci ildə Belqradın Taşmaydan parkında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi, Novi Sad şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışı, 2013-cü ildə isə Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub.

GÜNÜN MANŞETLERİ