İslamazeri.com "İslam" rubrikasında möminlərin qardaşlığı, dünyaya görə qardaş olanların məzəmmət edilməsilə bağlı hədisləri təqdim edir.
Allahın Peyğəmbəri (s):«Möminlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»
İmam Əli (ə):«Nə çox qardaşın ki, onları sənin anan doğmayıb.»
İmam Baqir (ə):«Mömin möminin doğma qardaşıdır.»
İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»
İmam Sadiq (ə):«Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.»
Həqiqi qardaşlar
Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.»
İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Çünki onlar asayiş dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar.»
Qardaşları sevmək
İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın.»
İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.»
İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.»
Dostluğun davamlılığına səbəb olan amillər
İmam Sadiq (ə):«Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.»
İmam Sadiq (ə):«Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.»
Allaha xatir dostluq və qardaşlıq etmək
Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.»
Allahın Peyğəmbəri (s):«Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.»
İmam Əli (ə):«Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırır.»
İmam Əli (ə):«Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.»
İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.»
Dünyaya görə qardaş olmaq
İmam Əli (ə):«Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.»
İmam Əli (ə):«Kim Allaha görə qardaşlıq etsə xeyir görər və kim dünyaya görə qardaşlıq etsə məhrum qalar.»