BAEA İranın Xuzistan əyalətinin Darhovin şəhərində tikilməkdə olan nüvə elektrik stansiyasına hücumla bağlı məlumatları araşdırdığını bildirib.
İslamazeri.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Xuzistan əyalətinin Darhovin şəhərində tikilməkdə olan nüvə elektrik stansiyasına hücumla bağlı məlumatları nəzərdən keçirdiyini açıqlayıb.
BAEA yazılı açıqlamasında obyektin hələ də tikilməkdə olduğunu qeyd edib. Agentlik rəsmilərinin əraziyə son səfərinə toxunan açıqlamada deyilir: "Ən son yoxlamamız zamanı ərazidə heç bir nüvə materialı tapılmadı. Heç bir radioloji risk gözlənilmir".
BAEA hücumla bağlı məlumatları qiymətləndirməyə davam etdiyini və mövcud məlumatlara əsasən hadisənin hər hansı "radioloji risk" yaratdığına dair heç bir əlamət olmadığını bildirib.
Bəyanatda həmçinin regiondakı gərginlik vurğulandı və "nüvə enerjisi ilə əlaqəli bütün obyektlər ətrafında hərbi təmkinlilik" tələb edilib.
İran Atom Enerjisi Təşkilatı ABŞ-ın ölkənin cənub-qərbindəki Darhovin nüvə elektrik stansiyasına hücum etdiyini açıqlayıb.
Bəyanatda qeyd olunur ki, MAQATE-nin nəzarəti altında dinc nüvə obyektinə hücum beynəlxalq hüquqa qarşı açıq bir cinayətdir.
Darhovin (Karun) bölgəsində 300 meqavattlıq nüvə elektrik stansiyasının tikintisinə 2022-ci ilin dekabr ayında başlanılıb.
Təzyiqli su reaktoru sistemi ilə işləyəcək stansiyanın tikintisinin təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi bildirilir.