Biz bu məqamı bu gün açıq şəkildə bildirdik və danışıqların davam etdirilməsi üçün buna mütləq riayət olunacağını gözləyirik.
İslamazeri.com xəbər verir ki, İranın Xarici İşlər Naziri bu gün ABŞ ilə aparılan nüvə danışıqlarının nəticələri barədə danışaraq, bunu "yaxşı bir başlanğıc" kimi qiymətləndirib.
Bu gün, cümə günü, 6 fevral 2026, Omanın vasitəçiliyi ilə paytaxt Masqatda İran və ABŞ arasında nüvə danışıqları keçirilib.
İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçı danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib: "Uzun və gərgin müzakirələrimiz oldu; bu gün bir neçə mərhələdə dolayı yolla (vasitəçilər vasitəsilə) görüşlər keçirildi."
O əlavə edib: "Bir neçə raund iclaslar keçirildi. Ötən müddətdən sonra qarşılıqlı fikir və narahatlıqlarımız bir-birimizə ötürüldü. Eyni zamanda bizim hüquq və mənafelərimiz çox yaxşı bir atmosferdə gündəmə gətirildi."
"Müzakirələr davam edəcək"
Nazir qeyd edib: "Ümumilikdə yaxşı bir başlanğıc idi, lakin bunun davamı paytaxtlarda məsləhətləşmələr aparmağımızdan və prosesin necə davam edəcəyi barədə qərar verməyimizdən asılıdır. Danışıqların davam etdirilməsinə qərar verildi."
Əraqçı "Hesab edirəm ki, yaxşı bir ab-hava hökm sürürdü" deyərək əlavə edib: "Hazırda geridə qoyduğumuz müharibədən (gərginlikdən) sonra dialoq prosesinin yenidən başladığı mərhələdəyik. Lakin bu qarşılıqlı etibarsızlıq danışıqlar qarşısında ağır bir maneədir. Bu etibarsızlığa qalib gəlməliyik. Bu gün yaxşı müzakirələr aparıldı və prosesin davam etdirilməsi razılaşdırıldı."
Regional təhlükəsizlik məsələsi müzakirə olunubmu?
ABŞ-ın regiondakı hərbi hazırlıqları və regional təhlükəsizlik barədə suala cavab olaraq Əraqçı bildirib: "Bizim danışıqlarımızın mövzusu yalnız nüvə məsələsidir və biz amerikalılarla başqa heç bir mövzuda müzakirə aparmırıq."
Bununla belə, o vurğulayıb: "Əlbəttə, nüvə danışıqlarının və əsas məsələlərin həllinin gərginlikdən və təhdidlərdən uzaq, sakit bir mühitdə aparılmalı olduğunu qeyd etdik. Hər bir dialoqun ilkin şərti təhdid və təzyiqlərdən çəkinməkdir. Biz bu məqamı bu gün açıq şəkildə bildirdik və danışıqların davam etdirilməsi üçün buna mütləq riayət olunacağını gözləyirik."