Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bakı şəhərinin Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38K ünvanında yerləşən “8-ci kilometr Ticarət Mərkəzi”ndə yenidən aşkarlanan pozuntular aradan qaldırılıb.
Bu barədə "İslamazeri.com"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bu ilin aprel ayında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ticarət Mərkəzinin ərazisində plan üzrə yoxlama keçirilərək aşkar edilən pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati cərimə tətbiq edilib. Bununla belə, oktyabr ayında aparılan təkrar yoxlama zamanı bir sıra pozuntuların aradan qaldırılmadığı məlum olub.
Bu səbəbdən, yenidən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tətbiq edilib və inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında ticarət mərkəzinin rəhbərliyinə təqdimat verilib.
Yoxlamalar zamanı aşkar edilmiş ciddi pozuntulardan biri də yanğına qarşı su hovuzunun üzərində piştaxtaların quraşdırılması olub. Sahibkarlar onlara verilmiş müddət ərzində qanuni tələblərin icrasına səhlənkar yanaşaraq, pozuntuları aradan qaldırmadıqlarına görə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sahibkarlara son xəbərdarlıq edilərək inzibati xətanın törədilməsinə kömək edən səbəblərin və şəraitin aradan qaldırılması üçün 20 gün əlavə vaxt verilib. Həmçinin, sahibkarlarla maarifləndirici söhbət aparılaraq, onlara yanğınsöndürmə texnikasının yanğın su hovuzundan su götürmək imkanının məhdudlaşdırılmasının faciəvi nəticələr doğura biləcəyi diqqətə çatdırılıb, sözügedən yerdə quraşdırılmış piştaxtaların ləğv edilməsi tələb kimi qoyulub.
Artıq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazidə yanğın su hovuzunun üzərində piştaxtaların söküntüsü işlərinə başlanılması və yanğınsöndürmə texnikalarının hovuzdan su götürməsi imkanı təmin edilib.