Vahid Elektron Xidmətlər Portalına daha bir xidmət əlavə edilib

Vahid Elektron Xidmətlər Portalına daha bir xidmət əlavə edilib
Yayınlanma tarixi: 21.10.2022 12:10:20

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin hazırladığı Vahid Elektron Xidmətlər Portalında növbəti xidmət istifadəyə verilib.

İslamazeri.com xəbər verir ki, bu, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətidir.

Hazırda xidmət tam rəqəmsallaşdırılıb. İstifadəçilər radioelektron vasitələrin qeydiyyatı və icazə vərəqəsinin verilməsi ilə bağlı xidmətdən istifadə üçün tələb olunan məlumatları elektron formada doldurmaqla portal üzərindən DRİ-yə müraciət edə biləcəklər.

Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur. Fərdi sahibkarlar və hüquqi şəxslər özləri haqqında şəxsi məlumatları və VÖEN-i daxil etdikdən sonra tələb olunan sənədləri əlavə edərək müraciət göndərə bilərlər.

Müraciətlərə 15 iş günü ərzində baxılaraq vətəndaşlara nəticə barədə məlumat verilir.

“Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətinin elektronlaşdırılması xidmətin əldə edilməsini daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. Ümumilikdə 20 xidmət portala inteqrasiya edilib.

Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.

GÜNÜN MANŞETLERİ