Putin Paşinyana: Nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik

Putin Paşinyana: Nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik
Yayınlanma tarixi: 31.10.2022 16:18:50

"Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır".

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.
"Münaqişə onilliklərdir ki, davam edir. Və biz buna bir şəkildə son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz istənilən halda bunu dəstəkləyirik. Biz irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq", - Putin qeyd edib.
O əlavə edib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:
"Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik".
Rusiya prezidenti ümid etdiyini bildirib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq. Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır: bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub.
Putin görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini, bunun Rusiya və Ermənistanın “qədim dövrlərdən” strateji müttəfiq və tərəfdaş olmasından irəli gəldiyini deyib.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfərdə İlham Əliyevi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər müşayiət edirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Rusiyanın Soçi şəhərində səfərdədir. Ermənistan KİV-inin yaydığı məlumata görə, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşayiət edirlər.
Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüşə dəvət etmişdi.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.

GÜNÜN MANŞETLERİ