Fitrə zəkatı haqqında hər şey

Fitrə zəkatı haqqında hər şey
Yayınlanma tarixi: 9.04.2024 13:18:03

"İslamazeri"-nin Din Rubrikasından

İslamazeri.com: Fitr bayramının axşamı günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir “sa`” təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqə verməli olduğu zəkatdır. Bunun əvəzinə pul verərsə kifayətdir. Ehtiyat-lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa verməsin.

Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyil.

İnsan fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun və ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.

Başqa şəhərdə olub çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa, özünün onun fitrəsini verməsi lazım deyil.

Fitr bayramı gecəsi gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur.

Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən vacibdir. Əks təqdirdə vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Fitr bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram gününün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə ehtiyat-vacibə əsasən fitrəni verməsi lazımdır.

Əgər gün batmazdan əvvəl, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa və ya fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı versin.

Fitr bayaramı axşamı gün batdığı vaxt fitrə zəkatı vacib olmayan şəxs bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda mövcud olsa, ehtiyat-vacib budur ki, fitrə zəkatını versin.

Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını versin.

Fəqət bir sa (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə müstəhəbdir ki, fitrə zəkatı versin. Ailəsi olub onların da fitrə zəkatını vermək istəsə, o bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud səğir uşaq olarsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat-müstəhəb budur ki, onun niyyətinə deyil, özü üçün götürsün.

Fitr bayramı gecəsi gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşağı doğulsa, yaxud izdivac etsə və onun çörək yeyəni sayılsa, gərək onların da fitrəsini versin. Əgər başqasının çörək yeyəni olsalar, ona vacib deyil. Əgər başqa bir kəsin çörək yeyəni deyillərsə, qadının fitrəsi onun özünə vacibdir, uşağa isə bir şey vacib deyil.

 

P.S. Son olaraq fitrə zəkatı haqqında onu qeyd edək ki, bu bir ay oruc tutduqdan sonra hər bir imkanı çatan tərəfindən verilən fitrə zəkatıdır. Bu zəkatı təşkilatlanmış bir yerə deyil, məhz fəqirə verilməsi lazımdır. Əlbəttə ki, vəkil edilərək verilməsi istisnadır. Odur ki, hər kəs bu zəkatı hansı məhsulla hesablayıb və bu miqdarda verəcəyi özünə bağlı olan bir məsələdir. Bütün şiə və sünnilərə görə (Əhlisünnədə fərqlilik olmasına baxmayaraq ümumi nəticəyə gəlinib) Fitrə zəkatının miqdarı təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalıdır.

Fitrə zəkatı verənlər ölkəiçi  3 kq unun, çörəyin və yaxud (imkan dərəcəsinə görə) 3 kq düyünün pulunu verə bilərlər.

GÜNÜN MANŞETLERİ