İslamazeri.com-un "Din" rubrikasından...
Qeybətin yaxşı əməlləri yandırması və ibadəti dəyərdən salması barədə nəql olunan hədislərin sayı az deyildir. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
اَلْغِيْبَةُ حَرامٌ عَلى كُلِّ مُسْلِمٍ... وَالْغِيْبَةُ تَاَكُلُ الْحَسَناتِ كَما تَاَكُلُ النّارُ اَلْحَطَبَ
“Qeybət hər bir müsəlmana haramdır... Həqiqətən, atəş odunu yandırıb kül etdiyi kimi, qeybət də yaxşı əməlləri aradan aparır.” (“Biharul-ənvar”, 75-ci cild, səh.257.)
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə də belə buyurulur:
مَنْ كانَتْ لِاَخِيِهِ عِنْدَهُ مَظْلَمَةٌ فِي عِرْضٍ اَوْ مالٍ فَلْيَسْتَحْلِلها مِنْهُ مِنْ قَبْلِ اَنْ يَأتِيَ يَوْمٌ لَيْسَ هُنالِكَ دِينارٌ وَلا دِرْهَمٌ اِنَّما يُؤْخَذُ مِنْ حَسَناتِهِ فَاِنْ لَمْ تَكُنْ لَهُ حَسَنَةٌ اُخِذَ مِنْ سَيِّئآتِ صاحِبِهِ فَزِيدَتْ عَلى سَيِّئآتِهِ
“Hər kəsin boynunda din qardaşının abır-heysiyyəti, yaxud malı ilə bağlı bir haqqı varsa, dirhəm və dinarın (malın) fayda vermədiyi gün (qiyamət günü) çatmazdan öncə ondan halallıq istəsin ki, (yoxsa) o gün onun yaxşı əməllərindən götürülər və əgər yaxşı əməli olmazsa, qarşı tərəfin (din qardaşının) günahları ona yüklənər.” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.273.)
Qeybətlə yaxşı əməllərin itməsinin səbəbi, ola bilsin, qeybət olunanın ictimai abır-heysiyyəti kimi mənəvi dəyərinin aradan getməsi və bu haqqın, adətən, maddi yolla əvəz edilə bilməməsidir. Allah-Taala da mümkün yolla onu bərpa edir; belə ki, qeybət edənin yaxşı əməllərini qeybət olunanın əməl dəftərinə yazır və yaxşı əməli olmadıqda, qeybət olunanın pis əməllərindən itirilən abır-heysiyyəti qədər onun adına keçir. Axirətdə əvəz-əvəzin mənası elə budur! Bunlar da qeybətin “həqqün-nas” olmasını tamamilə təsdiq edir.
Bu məzmun Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan başqa bir hədisdə də öz əksini tapır: “Qiyamət günü hər bir bəndəni pis və yaxşı əməllərini ölçmək üçün gətirəcəklər. Onun yaxşı əməllərini əməl tərəzisinin bir göznə, pis əməllərini isə digər bir gözünə qoyacaqlar. Elə bu zaman yarpağa bənzər bir şeyi gətirib onun yaxşı əməllərinə əlavə edəcəklər və beləcə, onun yaxşı əməlləri ağırlaşacaq. Həmin şəxs təəccüblə deyəcək: “Ey Rəbbim! Bu nədir belə? Axı mənim dünyada gecə-gündüz yerinə yetirdiyim bütün əməllər tərəzinin gözünə qoyulmuş və bundan artıq bir əməlim qalmamışdır.” Allah-Taala buyuracaq: “Bu yarpaq dünyada sənin dalınca danışılan sözlər, qeybət və böhtanlardır ki, sənin bunlardan xəbərin yox idi!”
Bir sıra rəvayətlərə görə, qeybət dəstəmaz və oruca da nöqsan gətirir. Peyğəmbəri-Əkrəm (s) buyurur:
اَلْجُلُوسُ فِي الْمَسْجِدِ انْتِظاراً لِلصَّلاةِ عِبادَةٌ مالَم يُحْدِث؛ فَقِيلَ: يا رَسُولَ اللهِ! وَمَا الْحَدَثُ؟ قالَ: اَلْاِغْتِيابُ
“İnsandan bir hadisə baş verməyincə, namazın intizarı ilə məsciddə əyləşmək ibadətdir.” Həzrətdən: “Hansı hadisə!” – deyə soruşulduqda, buyurdu: “Qeybət!” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.255.)
Başqa bir hədisdə belə buyurur:
وَ مَنِ اغْتابَ مُسْلِماً بَطَلَ صَوْمُهُ وَ نَقَضَ وُضُوءُهُ
“Müsəlmanın qeybətini edən kəsin orucu batil və dəstəmazı əbəsdir.” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.254.)
Aydındır ki, ibadət insanı Allah-Taalaya yaxınlaşdırır, ona mənəvi saflıq bəxş edir. Amma dəstəmaz, yaxud oruc halında dilini qeybətə aludə edənin isə mənəvi saflığı azalır və Allahın dərgahındakı məqamdan enir.