“Qurani-Kərim”in yandırılması söz azadlığı kimi qələmə verilir.

“Qurani-Kərim”in yandırılması söz azadlığı kimi qələmə verilir.
Yayınlanma tarixi: 8.03.2024 11:59:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub göndərib

“Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir.”

İslamazeri.com  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edib.

Məktubun davamında deyilir:

“Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.

Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir.

Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir. Bu qurumlar tərəfindən İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyət aparılır, İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirilir.

Biz vüsət almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş bu meyilləri qəti şəkildə pisləyirik. İslam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir. Dünya xəritəsinə baxdıqda, terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlmanlar olduğunu görə bilərik.”

GÜNÜN MANŞETLERİ