Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemlərinin reytinqi tərtib edilib.
İslamazeri.com "technote"yə istinadən xəbər verir ki, Consumer Reports adlı qeyri-kommersiya təşkilatı avtopilot sistemlərinin yenilənmiş təhlükəsizlik reytinqlərini təqdim edib.
Ümumilikdə təşkilat müxtəlif şirkətlərdən olan 12 ədəd avtopıilot sistemini test edib. Bununla belə Tesla şirkətinin güclü şəkildə piar edilmiş avtopilot sistemi reytinqin ilk beşliyinə belə daxil ola bilməyib. Testlərdə eyni anda adaptiv cruise control və hərəkət zolağının dəyişilməsi assistentindən istifadəsi mümkün olan avtomobillər iştirak ediblər. Buna görə də reytinqə Mazda, Jaguar, Land Rover, Porsche, Stellantis, Subaru və s. kimi şirkətlər daxil olmayıblar. Konnektikut ştatında yerləşən Auto Test Center adlı xüsusi poliqonda və adi avtomobil yollarında döngəli marşrutlar üzrə 40-a yaxın testlər aparılıb.
Mütəxəssislər aparılmış testlər çərçivəsində avtomobillərdə idarəetməyə, sürətin idarə edilməsinə, salondakı insanların təhlükəsizliklərinin təmin olunmasına, sürücünün hərəkət prosesində nə dərəcədə iştirak etməsinə və s. faktorlara nəzər yetiriblər. Nəticədə reytinqin ilk pilləsində Ford şirkətinin Ford BlueCruise adlı avtopilot sistemi qərarlaşıb. Ona başqa cür Lincoln ActiveGlide da deyirlər. Ford şirkətinin bu avtopilot sistemi mümkün 100 xaldan 84 xal qazanıb. Mütəxəssislər onun geniş funksionallığını və sürücünün hərəkət zamanı diqqətinə nəzarət sistemini tərifləyiblər. Lakin Ford BlueCruise də bəzi mənfi cəhətləri özündə birləşdirir. Mütəxəssislərin sözlərinə əsasən bu avtopilot sistemi ilə qarşılıqlı əlaqə prosesi qəlizdir və bununla yanaşı o, təcili tormozlama sisteminə sahib deyil.