Kəmaləddin Heydərov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Kəmaləddin Heydərov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Yayınlanma tarixi: 28.04.2023 14:02:56

Kəmaləddin Heydərov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb.

Aprelin 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "İslamazeri.com"a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri, o cümlədən uşaq təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən uşaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, uşaqlarda kiçik yaşlarından təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, o cümlədən mümkün fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə biliklərin aşılanması, onların belə hallara mənəvi-psixoloji cəhətdən hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Bu çərçivədə FHN ilə BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi arasında mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, müştərək tədbirlərin təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə birgə fəaliyyət planının hazırlanması təklif edilib.

 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykens səmimi görüşə görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən uşaq təhlükəsizliyi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Qonaq hər iki qurum arasında əməkdaşlığın genişləndirilməsinin faydasını qeyd edərək, hazırlanacaq birgə fəaliyyət planının uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müxtəlif təbii və texnogen fövqəladə hallara hazırlıqlı olmaları baxımından mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinə səfər çərçivəsində Aleks Haykens Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

GÜNÜN MANŞETLERİ