Hansı günah hansı bəlanı gətirir?

Hansı günah hansı bəlanı gətirir?
Yayınlanma tarixi: 3.01.2023 12:13:04

İslamazeri.com-un "Din" rubrikasından...

İmam Səccadın (ə) buyuruqlarında bəzi günahların təsiri açıqlanır

Bu cümlələri Kumeyl duasında dəfələrlə zümzümə etmişik:


اللّهم اغفرلی الذّنوب الّتی تهتک العصم، اللّهم اغفر لی الذّنوب الّتی تنزل النقم، اللّهم اغفرلی الذنوب الّتی تغیّر النّعم، اللّهم اغفرلی الذّنوب الّتی تحبس الدّعاء، اللّهم اغفرلی الذّنوب الّتی تنزل البلاء



Allahım, bağışla o günahları ki, ismət pərdələrini yırtır (insanı hörmətdən salır). Allahım, bağışla o günahları ki, bədbəxtliklərə səbəb olur. Allahım, bağışla o günahları ki, nemətləri dəyişir. Allahım, bağışla o günahları ki, duaları həbs edir (qəbul olmağa qoymur). Allahım, bağışla o günahları ki, bəlalara yol açır... (Məfatehul-cinan, Şeyx Abbas Qummi, səh.102, Kumeyl duası)
Tez-tez camaat, xüsusilə gənclər günahların bəlalardan asılı olması barədə suallar verirlər. Hansı günah insana hansı bəlanı gətirir? Hansı günahlar duaların qarşısını alır? Sel, zəlzələ, quraqlıq kimi təbii fəlakətlərə səbəb olan günahlar hansılardır? Cavab veririk ki, bəzi günahlar belə bəlalara səbəb olur. Amma qənaətbəxş cavab vermək üçün əhatəli mütaliələrə ehtiyac var. Bu məqalədə İmam Səccaddan (ə) nəql olunmuş rəvayət əsasında nəzərdə tutulmuş suallara cavab verməyə çalışacağıq...
Nemətləri dəyişən, əldən alan günahlar
Allah-Taala yerdə və göydə olan nemətləri insanlar üçün yaradıb. "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!" (Bəqərə, 29) Allah bəzən insana xüsusi nemətlər əta edir. Bəzən də verdiyi nemətləri geri alır. Allahın neməti geri almasının səbəbi onun yoxsulluğu, xəzinəsinin boşalması, qıymamazlığı deyil. Allah bütün eyblərdən pakdır. Bəli, bəzən insan günah səbəbindən neməti əldən çıxarır. Bəs hansı günah hansı neməti geri alır?
Məhəmməd ibn Əli ibn Hüseyn, Əhməd ibn Hüseyndən, o da vasitə ilə Əbu Xalid Kabilidən nəql edir:

سمعت زین العابدین علی بن الحسین(ع) یقول: الذّنوب الّتی تغیّر النّعم



İmam Zeynəl-Abidin (ə) həmişə buyururdu: Nemətləri əldən alan dörd günah var: xalqa zülm, yaxşı adəti tərk etmək, yaxşıya dəvəti tərk etmək, naşükürlük...
Bəli, xalqa zülm etmək insanı nemətdən məhrum edər. Hakimiyyət küfrlə yaşayar, zülmlə yaşaya bilməz (Nəhcül-bəlağə, x.224). Xüsusilə Allahdan başqa hamisi, köməyi olmayanlara zülm etmək neməti geri alan günahdır. (Üsuli-Kafi, c.2, səh.331)
Bəzi insanların İmam Hüseynə (ə) əsadarlıq, yoxsula kömək, Quran oxumaq, müstəhəb ibadət kimi yaxşı adətləri var. Bu adətləri tərk etdikdə insan bəzi nemətlərdən məhrum olur.
Əqli və şəri baxımdan bəyənilən işlərə dəvəti tərk etmək də bəzi nemətləri insandan geri alır.
Allah-Taala insana saysız nemətlər əta edib. Bu sırada besət və imamət kimi mənəvi nemətlərlə yanaşı sağlamlıq və rifah kimi nemətlər yer alıb. Bu nemətlərə münasibətdə naşükürlük onların geri alınmasına səbəb olur.
Ən böyük şükür odur ki, insan ona verilmiş neməti öz yolunda, doğru yolda istifadə etsin. Gəncliyi savab yolda sərf etmək buna nümunə ola bilər.
İmam Səccad (ə) sözünün davamında buyurur:

قال اللّه تعالی انّ اللّه لایغیّر ما بقومٍ حتّی یغیّروا ما بانفسهم



İnsanlar (günahla) özlərini dəyişməsələr Allah öz nemətlərini dəyişməz. (Rəd, 11; Vəsailuşşiə, c.11, səh.519)
Ustad Mütəhhəri "Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun!" (Maidə, 3) ayəsi barədə deyir: "Buyurulur ki, artıq onlardan qorxmayın, məndən qorxun. Qorxu dinin əldən çıxmasıdır. Məgər Allah öz dininə düşməndir? Xeyr. Quranın bir çox ayələrində bu prinsip yer alıb ki, insan özü neməti məhv etməsə Allah bu neməti məhv etməz. Sən dininə görə qədrdanlıq etmirsənsə, özün onun məhvinə hökm çıxarmısan."

Peşmanlığa səbəb olan günahlar
Beş günah insanda peşmançılıq yaradar:
1.Haqız yerə qətl... İmam Səccad (ə) buyurur:

والذّنوب الّتی تورث النّدم قتل النّفس الّتی حرّم اللّه قال اللّه تعالی فی قصّة قابیل حین قتل اخاه هابیل فعجز عن دفنه فاصبح من النّادمین


İnsanı qətlə yetirmək Allahın haram buyurduğu işlərdəndir və insana peşmançılıq gətirər. Allah-Taala Qabilin öz qardaşı Habili öldürməsindən danışarkən buyurur ki, Qabil peşmançılıq içində sübhü açdı.
Mətbuatda, televiziya proqramlarında qətlə yol verənlərin peşmançılığı barədə çox nümunələrlə rastlaşırıq.
2. Sileyi-rəhimin tərki, qohumları yoxlamamaq... Hətta ehtiyacı olmayan qohum-əqrəbanı yoxlamamaq günah sayılır. Bu günah da insana peşmançılıq gətirir. Qohumlarla əlaqəni kəsmiş insanların bir müddət sonra əksəri peşman olur.
3. Namazı vaxtında qılmamaq... Namazı vaxtında qılmayan, bu məsələyə diqqətsiz yanaşan insanlar dünya və axirtədə peşmançılıq çəkir.
4. Vəsiyyət etməmək... Bəziləri vəsiyyət yazmağa və ya şifahi vəsiyyət etməyə pis baxır. Onlar ölümün necə qəfil gəlməsi barədə düşünmür. Bir insanın xalqa pul, Allah ibadət borcu olarsa və borc içində dünyasını dəyişərsə, təbii ki, bunun dərin peşmançılığı olur. İnsan öz vəsiyyətnaməsində ən azı borclarını göstərməlidir. Bəzən insan borcunu unuda bilər. Sahibi məlum olmayan borcu həmin şəxs tərəfindən sədəqə verməklə, insan tapdadığı haqların əvəzini çıxmalıdır.
5. Zəkat verməmək... İnsan can üstə dili tutulana qədər boynunda olan zəkatı ödəməsə, ağır bir peşmançılıq yaşayasıdır. O öləndən sonra var-dövlətini xərcələyərlər, o isə zəkat borcuna görə əzab çəkər.

Əzab və bədbəxtliyə səbəb olan günahlar
1.Haqq sözə itaətsizlik... İnsan agah, arif, alim şəxsə, rəhbərə itaətsizlik etməklə özünü əzaba salır. Peyğəmbərlərin, imamların, din rəhbərlərinin göstərişindən çıxmaq ilahi əzaba səbəb olur. Nuh qövmü, Ad və Səmud qövmlərinin aqibəti buna misal ola bilər.
2.Xalqa qarşı azğınlıq... İnsanı bədbəxt edən günahlardan biri azğınlıqdır.
3.İnsanlara istehza etmək... İnsanlara rişxənd etməyin sonu ilahi əzabdır.
4. İnsanları məsxərəyə qoymaq... Quran məsxərəni qadağan edərək buyurur ki, məsxərəyə qoyulan insan məsxərə edəndən yaxşı ola bilər. (Təfsiri-Nümunə, c.3, cəh.37,38)

Ruzunu azaldan, kəsən günahlar
Ruzi bölünmüş olsa da, insan çalışmaqla ruziyə çatsa da, bəzi günahlar bu yolda maneəyə çevrilir, insan ona ayrılmış ruziyə çata bilmir.
1.Özünü yoxsul göstərmək, daim şikayətlənmək... Təəssüf ki, bəzən Allahın verdiyi nemətləri görmür, başqalarının əlində olana göz dikib, daim şikayətlənirik.
2.İşa (xüftən) namazını qılmamaq... İşa və sübh namazını tərk etmək ruzini əskildir.
3.Nemətləri kiçik saymaq... Hər bir nemətin insan üçün həyati əhəmiyyəti var. Məsələn, nəfəs aldığımız havanı çoxları nemət kimi yada salmır. Amma hava çirklənəndə şikayətlənməyə başlayırıq.
4.Allahdan şikayətlənmək... Bəziləri bir hadisə ilə qarşılaşanda elə sözlər danışır ki, sanki Allah səhvə yol verib. Onlar "axı nə üçün belə oldu" deməklə Allahdan şikayətlənir, dərk etmirlər ki, Allah hikmət sahibidir və heç bir iş hikmətsiz həyata keçmir.

Həya pərdəsini yırtan, insanı hörmətdən salan günahlar
1.Şərab (spirtli içkilər) içmək...
2. Qumar oyunları...
3.Yersiz zarafat, təlxəklik...
4.Başqalarının eybini açmaq... İnsanların eybini faş etmək böyük günahlardan sayılır. Başqasını hörmətdən salmaq istəyən adam özü hörmətdən düşür.
5.İkifikirli, daim şəkk-şübhədə olan insanlarla yoldaşlıq...

Bəla gətirən günahlar
1.Çətinliyə düşənə kömək etməmək... Məzlum köməyə çağırırsa müsəlman ona köməyə tələsməlidir. Bu gün Fələstin, Livan, İraq, Əfqanistan müsəlmanları çətinlik içindədir. Müsəlman şəxs ən azı dua ilə onları yada salmalıdır. Məzlumları unutmaq bəlaya səbəb olur.
2.Əmr be məruf və nəhy əz münkərin tərk edilməsi... Cəmiyyətdə yaxşıya dəvət etmək və pisə qadağa qoymaq yoxsa həmin cəmiyyətdə fəsad artır, nəticədə bəla nazil olur. Həzrət Peyğəmbər (s) günahkar şəxsi gəmidə ona aid yeri dəlmək istəyən adama bənzədir. O başa düşmür ki, öz oturduğu yeri deşəndə gəmi tam batacaq. (Vəsailuşşiə, c.11, səh.520)

Düşməni gücləndirən günahlar
1.Aşkar zülm düşməni gücləndirir...
2.Aşkarda günah iş görmək...
3.Haramı halal saymaq...
4.Ədalətli rəhbərlərə itaətsizlik...
5.Şər adamlara tabeçilik...

Ömrü qısaldan günahlar... Bəzi günahlar ömrü qısaldar, ölümü yaxınlaşdırar.
1.Yaxınlarla əlaqəni kəsmək...
2.Yalan danışmaq...
3.Zinakarlıq...
4.Müsəlmanların yolunu kəsmək...
5.Yalan imamət iddiası...

Ümid qıran günahlar
1.Allaha ümid bağlamamaq...
2.Allahın rəhmətindən ümidi üzmək...
3.Allahdan başqalarına ümid etmək...
4.Allahın vədini yalan saymaq...

Havanı qaraldan günahlar
1.Cadugərlik və sehr...
2.Kahinlik, gələcəkdən xəbər vermək...
3.Öncəgörməyə inanmaq...
4.Allahın qəza-qədərinə inanmamaq...
5.Ağvalideynlik...

Duanın qəbuluna mane olan günahlar
1.Pisniyətlik, bədbinlik...
2.Bədxahlıq, insanlara pislik istəmək...
3.Xalqın bədbəxtliyinə sevinmək, paxıllıq...
4.Nifaq, araqarışdırmaq, ikiüzlülük...
5.Namazı gecikdirmək...
6.Sədəqə verməmək...
7.Duanın qəbuluna inanmamaq...
8.Söyüşçüllük...

Höccətülislam vəlmüslimin Seyid Cavad Hüseyni

GÜNÜN MANŞETLERİ