Dini konfessiya rəhbərləri birgə bəyanat yayıblar

Dini konfessiya rəhbərləri birgə bəyanat yayıblar
Yayınlanma tarixi: 8.05.2023 11:14:15

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsindən "İslamazeri.com" a verilən məlumata görə, bəyanatda deyilir:

"Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının üzvləri Azərbaycan tarixində uca məqamı, özəl yeri olan möhtərəm şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aşağıdakıları bəyan edirik.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xilaskarı olan Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolu danılmaz, xidmətləri misilsizdir. Zənnimizcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, uca mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malik məqamdır. Bu mənəviyyat Ulu Öndərin illərlə Vətənə, millətə xidmətinin cövhərində olub”.

Qeyd edilib ki, Heydər Əliyev müdrik dövlət başçısı kimi dini-mənəvi dəyərlərin millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində rolunu vacib sayırdı. Şəhid Bibiheybət məscidinin bərpasından sonra Heydər minarəsindən səslənən Azan səsi Azərbaycanda dini-mənəvi dəyərlərə sədaqət və ehtiramın çarçısına çevrilmişdi:

“Ümummilli Lider Heydər Əliyev ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etmişdi. Ulu Öndər Heydər Əliyev milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratmış oldu. Xalq, dövlət olaraq qazandığımız bütün qələbələr, özəlliklə, bu gün fəxrlə, qürurla yaşadığımız Böyük Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir”.

Bəyanatda deyilib ki, müxtəlif konfessiya nümayəndələri ilə bərabər dini-mənəvi harmoniya nümunəsi olan İftar süfrəsi ətrafında bir araya gələrək, Ramazan sevincini paylaşmaq ənənəsinin əsasını da məhz Heydər Əliyev həzrətləri qoymuşdu:

“Bununla dahi öndərimiz Azərbaycan xalqının etnik-dini monolitliyini, multikulturalizmini bariz nümayiş etdirirdi. Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır. Bu dəyərlərə ehtiram Ulu Öndərin zamanında ümümdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başladı”.
Bəyanatda həmçinin vurğulanıb ki, ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş irimiqyaslı işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir:

“Azərbaycan dövləti yaşadıqca Heydər Əliyev məktəbi davam edəcək, siyasi kursu davamçıları tərəfindən inkişaf etdiriləcək, adı və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaq”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

GÜNÜN MANŞETLERİ