"Bakı Metropoliteni" sərnişinlərə xəbərdarlıq edib

Yayınlanma tarixi: 6.12.2022 11:21:11

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Bu günlərdə Bakı Metropolitenində Poliş Şöbəsinin əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd göstərmiş şəxslər saxlanılıb. Həmin şəxslər atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

“Bakı Metropoliteni” QSC-dən "İslamazeri.com"a verilən məlumata görə, sərnişinlərin və ictimaiyyətin diqqətinə çatdırılır ki, Bakı metropoliteninin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məhz bunun sayəsində Bakı metropolitenində sərnişindaşımanın təhlükəsizliyi təmin edilir. Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir.

Bakı metropolitenindən istifadə qaydalarının 5.12 bəndi ilə binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq, bundan savayı, 5.30-cu bəndi ilə Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq qadağan olunub.

Diqqətə çatdırırıq ki, eskalatorlar ən mürəkkəb texniki qurğulardan sayılmaqla, onların iş rejimi, texniki vəziyyəti, sanitar-gigiyenik normaların tələblərinə uyğun olması, təmizliyi xüsusi diqqət mərkəzində saxlanılır. Eskalatorların təmizlənməsi üçün müvafiq normalar, texniki tələblərə qeyd-şərtsiz əməl olunur. Normativlərdə müəyyən edilmiş vaxtlarda, eləcə də gün ərzində daimi monitorinq və baxış zamanı zərurət olduğu hallarda yalnız icazə verilən vasitələrdən istifadə olunmaqla eskalatorların sürahiləri və digər texniki elementlərinin təmizliyi işləri aparılır. Sərnişin rahatlığına, sağlamlığına və səhhətinə, eləcə də eskalatorların texniki istismarına xələl gətirə, onu sıradan çıxara və aşılanmanı sürətləndirə biləcək vasitələrdən istifadə qadağandır.

Nümunə üçün qeyd edək ki, 2020-ci ilin fevral ayından Bakı metropolitenində, o cümlədən stansiyaların eskalatorlarında istər sərnişindaşıma zamanı cari, istərsə də gecə növbələrində əsaslı olmaqla aparılan dezinfeksiya işlərində istifadə olunan maddələrin seçilməsinə xüsusi yanaşılıb, onların sərnişin orqanizminə, o cümlədən dermatoloji baxımdan hər hansısa təsir edən tərkiblərdən hazırlanmamasına, hətta iysiz və qoxusuz olmasına, eskalatorların fəaliyyəti və texniki vəziyyətinə xələl gətirməməsinə və s. məsələlərə diqqət yetirilib, texniki-normativ tələblərə ən ciddi şəkildə riayət olunub. Hətta bu hallara zəmanət olsa belə, vasitələr və alətlər xüsusi texniki sınaqlardan keçirilməklə istifadə olunub.

Bütün bunlar nəzərə alınaraq, yuxarıda qeyd olunan halda olduğu kimi, qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.
Onu da xüsusi olaraq qeyd edirik ki, Bakı metropoliteni sanitar-gigiyenik normaların tələblərinə əməl olunması, təmizliyin təmin edilməsi baxımından daim seçilib. Bu isə ilk növbədə sərnişinlərin davranışı və münasibəti, normativlərə ən ciddi şəkildə riayət edilməklə müntəzəm qulluq-nəzarət və gərgin insan əməyi sayəsində mümkün olur.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir.

Sərnişinlərimiz əmin olsunlar ki, Bakı metropolitenində bütün infrastrukturun texniki imkanlar həddində qaydalara uyğun fəaliyyətinin nizamlanmış şəkildə təmin edilməsini, tənzimlənməsini, nəzarəti, müntəzəm monitorinqləri, yoxlamaları təmin edən mexanizmlər və müvafiq strukturlar var. Dünyada olan yeniliklər, o cümlədən sanitar-gigiyenik normaların tələblərinə uyğun qabaqcıl və innovativ texnoloji vasitələr, günün tələblərindən asılı olmayaraq, müntəzəm diqqət mərkəzində saxlanılır, öyrənilir, tədqiqatlar və monitorinqlər aparılır və bütün bunlar zəruri tələblərə, ehtiyaclara, o cümlədən texnoloji yeniləşmə prinsiplərinə uyğun dəyərləndirilir.
Belə hallarla üzləşən sərnişinlərimizdən metropoliten və ya metro polisi əməkdaşlarına məlumat vermələri xahiş olunur. Çünki metropoliten ümumi sərvətimiz olmaqla yanaşı, bu kimi hallar hər bir metro istifadəçisinin təhlükəziliyi, sağlamlığı və rahatlığı baxımından çox əhəmiyyətlidir.

GÜNÜN MANŞETLERİ