İslamazeri.com-un "Din" rubrikasından...
Allah-təala həzrət Musaya tövsiyə edir ki, qəlbini Allah qorxusu ilə öldürsün. Mətndə qorxu mənası “xəşyət” sözü ilə ifadə olunmuşdur. “Xəşyət” və “xof” sözləri arasında bir o qədər də fərq yoxdur. Ayə və rəvayətləri nəzərdən keçirdikdə uyğun təbirlər arasında nəzərə çarpacaq fərq görünmür. Hətta bu sözlər bir-birinin əvəzinə də işlənir. Amma dəqiq təhlillə onları bir-birindən fərqləndirmək olur. “Xəşyət” dedikdə insanın əzəmətli bir varlıq qarşısında öz kiçikliyini hiss etməsi başa düşülür. Məsələn, insan Allahın əzəmətini dərk etdiyi vaxt onda təvazö hissi yaranır. Allah özü insanın daxilində belə bir hal üçün zəmin yaratmışdır. Əlbəttə ki, bu hiss təkcə bəşər övladına aid deyil. Başqa canlı varlıqlar da özündən böyük varlıq qarşısında kiçiklik hiss edir. Amma “xof” dedikdə zərər qorxusu nəzərdə tutulur. Allah qarşısında xof dedikdə pis əməllərdən qaynaqlanan əzaba görə qorxu nəzərdə tutulur. Allah qorxusu ilahi hüzurun dərki və məbuda diqqət üçün şərtdir. Bu qorxu əməl və rəftara münasibətdə qəfləti aradan qaldırır. Allah qorxusu bir çox ayə və rəvayətlərdə mədh olunmuş sifətdir. Müəyyən ayələrə əsasən peyğəmbərlərin göstərişlərindən faydalanmaq və əbədi səadətə çatmaq üçün Allah qorxusu şərtdir: Sən yalnız Allah ayələrinə tabe olan və xəlvətdə mehriban Allahdan qorxan kəsi qorxuda bilərsən. Beləsini Allahın böyük əcri ilə müjdələ.” (“Yasin”, 11)
Hədisin bu hissəsində qəlbin Allah qorxusu ilə öldürülməsindən və bunun ardınca onun təravətindən danışılır. Qəlbin təravəti dedikdə onun diriliyi nəzərdə tutulur. Məsələnin batininə varmadıqda bu iki nöqtə bir-birinə zidd görünür. Ayə və rəvayətlərdə zahirən bir-birinə zidd görünən qəlbə aid sifətlər çoxdur. Yalnız düşüncə və araşdırmalar vasitəsi ilə buradakı uyğunluğu hiss etmək olar. Hazırkı hədisdə də zahirən uyuşmayan nöqtələr nəzərə çarpır. Bir tərəfdən Allah qorxusu ilə qəlbi öldürməkdən, digər tərəfdən onu diriltməkdən danışılır. Yəni bir tərəfdən qəlbin öldürülməsi, digər tərəfdən onun dirildilməsi istənilir. Əmirəl-möminin Əli (ə) imam Həsən Müctəbaya (ə) buyurur: “Qəlbini moizə-nəsihətlə dirilt, paklıqla öldür.” (“Nəhcül-bəlağə”, 31-ci məktub ) Həzrət hazırkı buyuruğunda qəlbi moizə-nəsihət vasitəsi ilə diriltməyi tapşırır. Şübhəsiz ki, insanda Allah qorxusu yaradan moizə nəzərdə tutulur. Həzrət sözünün davamında buyurur ki, qəlbini paklıqla öldür. Başqa bir hədisdə də Allah-təalanın belə bir buyuruğu ilə rastlaşırıq: qəlbini Allah qorxusu ilə öldür.” Maraqlıdır, qəlbi öldürmək, həm də diriltmək tapşırıqları bir-birinə zidd deyilmi? Allah-təala Quranın nazil olma fəlsəfəsi haqqında buyurur: “(Quran nazil oldu ki) kim (qəlbən) dirisə qorxutsun və kafirlərə münasibətdə (Allahın) buyuruğu gerçəkləşsin.” (“Yasin”, 70)
Bu ayədə ilahi öyüd-nəsihəti dinləyib, qəlbini ilahi hidayət nuru ilə işıqlandıran şəxs diri qəlbli insan kimi tanıtdırılır. Ayədən məlum olur ki, Allah insanın diri qəlbli olmasını istəyir. Başqa bir ayədə Allah-təala başqalarının düşdüyü əzabdan ibrət götürən bəndəni diri qəlbli kimi tanıtdırır: “Şübhəsiz, bu cəzalarda qəlb sahibi və dinləyib şahid olan üçün ibrət və xəbərdarlıq var.” (“Qaf”, 37)
Ayədən məlum olur ki, insanlar iki qisimdir: birinci qisimdən olanlar qəlb sahibidirlər, öyüd-nəsihətdən bəhrələnirlər, ilahi əzab onları oyadır. İkinci qisimdən olanlar isə qafillərdir və onların qəlbləri yoxdur. Şübhəsiz ki, burada sənubər şəkilli maddi ürək nəzərdə tutulmur. Rəvayətdə düşüncə və hisslərin mərkəzi olan qəlbə də işarə olunmamışdır. Çünki müsbət və mənfi hisslərdən məhrum insan olmur.