Ali Məhkəmənin Plenumu keçirilib

Ali Məhkəmənin Plenumu keçirilib
Yayınlanma tarixi: 21.02.2023 11:00:30

Ramiz Rzayevin sədrliyi ilə keçirilən Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

İslamazeri.com xəbər verir ki, Ramiz Rzayevin sədrliyi ilə keçirilən Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.

Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, Vətən müharibəsində möhtəşəm qələbədən sonra ölkəmizdə post müharibə dövründə bərpa və quruculuq işləri, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar vüsət alıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa quruculuq işləri aparılır, infrastruktur müasir üslubda yenidən qurulur, yeni şəhər və kəndlər inşa edilir ki, bu da 30 ildən artıq müddətdə öz evlərindən didərgin düşmüş soydaşlarımızın tez bir zamanda öz evlərinə qayıtmalarını sürətləndirir:

 

"Bildiyiniz kimi bu il Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə Ali Məhkəmə keçən ilin noyabr ayından etibarən silsilə tədbirlər həyata keçirir. O cümlədən ötən həftə Bakıda 20 ölkənin Ali Məhkəmə sədrlərindən və digər rəsmilərdən ibarət nümayəndə heyətinin qatıldığı beynəlxalq konfrans keçirildi. Konfransa qatılan ölkələrin nümayəndələri vahid məhkəmə təcrübəsinin formalaşdırımasında öz ölkələrinin müsbət təcrübələrini paylaşdılar. Bütün bu müsbət təcrübələr Ali Məhkəmənin Aparatı tərəfindən təhlil olunaraq gələcəkdə Ali Məhkəmədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması işində tətbiqi nəzərdə tutulur.

 

Bu il həmçinin xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətində hər bir sahənin, o cümlədən də məhkəmə-hüquq sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin təşkil olunması planlaşdırılır.

 

2022-ci ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı işlər davam etdirilib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

 

Ali Məhkəmənin Aparatı 2022-ci ildə səmərəli fəaliyyət göstərib. Milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirib. 2022-ci ildə ayrı-ayrı sahələr üzrə vahid məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqləri aparılıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı bir çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib, müvafiq rəy və təkliflər hazırlanıb.

 

2022-ci ildə Ali Məhkəmənin fəaliyyətinin hüquqi təminatını möhkəmləndirmək, məhkəmə işlərinin idarə edilməsini daha səmərəli təşkil etmək məqsədilə Ali Məhkəmənin Aparatının strukturu yenidən təşkil olunmuşdur. Yeni strukturda fəaliyyət göstərən Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institusional dəstək olmaqla məhkəmənin işinə önəmli töhfə verməkdədir.

 

2022-ci ildə dövlət orqanları və ayrı-ayrı vətəndaşlar tərəfindən Ali Məhkəməyə 14 min 122 müraciət daxil olub, həmin müraciətlərə müvafiq qaydada baxılmışdır.

 

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə əsasən Ali Məhkəmənin sədri müxtəlif rayonlarda vətəndaşları qəbul edib. Eyni zamanda Ali Məhkəmədə 1925 şəxs fərdi və kollektiv qaydada qəbulda olub. Qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib, eyni zamanda təqdim edilən müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

 

Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. İndi müasir məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir.

 

2022-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü kimi fəaliyyətini davam etdirib. Bu şəbəkə vasitəsilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilən məhkəmələr arasında informasiya mübadiləsi platforması yaradılıb və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə başlanılıb.

 

Ötən il Ali Məhkəmədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məhkəmə kollegiyalarının və aparatının iş fəaliyyətinin optimallaşdırımasında mühüm rol oynamışdır. Ali Məhkəmə Aparatının yeni strukturunda yaradılmış Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsi tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin inkişafı və avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi istiqamətində işlər həyata keçirilmiş, “məhkəmə işlərinin bölgüsü sistemi” işlənib hazırlanmış, “məhkəmə işləri üzrə axtarış sisteminin” funksionallığı daha da genişləndirilmişdir.

 

2020-ci ildən etibarən Ali Məhkəmənin fəaliyyətinə həsr olunmuş geniş hesabatlar saytda dərc edilir. 2022-ci ildə Ali Məhkəmənin Bülleteninin nəzərdə tutulan dörd nömrəsi çap olunub. Bülletenlərdə məhkəmələrin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları, Ali Məhkəmə Plenumunun qərarları, qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair ümumiləşdirmələrin nəticələri, icmal məktubları, məqalələr, Ali Məhkəmə rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşlər, beynəlxalq tədbirlərə dair məlumatlar öz əksini tapıb".

 

Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2022-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib, hər bir məlumat ətrafında geniş müzakirələr və təhlillər aparılıb.

 

Ali Məhkəmənin icraatında 2022-ci ildə 2021-ci ilə nisbətən az iş olub. Bu səbəbdən baxılan işlər - Mülki Kollegiyada 12,7 faiz, Cinayət Kollegiyasında 1,7 faiz, İnzibati Kollegiyada 0,8 faiz azalıb. Ancaq Kommersiya Kollegiyasında 12,7 faiz artma var. Ümumiyyətlə isə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2,2 faiz artıb. Qeyd edilib ki, ləğv olunan məhkəmə qərarlarının sayı 2,8 faiz azalıb.

 

Plenumda 2022-ci ildə 27 işə baxılıb və müvafiq qərarlar qəbul edilib.

 

Məruzələr ətrafında çıxış edənlər Kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd ediblər.

 

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü ilə dair iş planı təsdiq edilib.

 

Plenumda “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında”, həmçinin bu qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair, “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında”, 2001-ci il 1 noyabr tarixli, 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının qərar layihələrinin müzakirəsi aparılmışdır.

 

Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub, həmçinin konkret işlərə baxılıb.

GÜNÜN MANŞETLERİ