ABŞ Dövlət Departamentinin din azadlığı hesabatı və ilk etirazlar

ABŞ Dövlət Departamentinin din azadlığı hesabatı və ilk etirazlar
Yayınlanma tarixi: 17.05.2023 15:10:15

ABŞ Dövlət Departamenti mayın 15-də “2022-ci ildə Beynəlxalq Din Azadlığı” hesabatını yayıb.

İslamazeri.com  xəbər verir ki, bu hesabatda Azərbaycan Türkiyə, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Şri Lanka və Özbəkistanla birlikdə Din Azadlığı Qanununa uyğun olaraq dini azadlıqların kobud şəkildə pozulması ilə bağlı Xüsusi Nəzarət Siyahısına daxil edilib.

Hesabatı Turan Agentliyi yayıb. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, bu ölkədə dini azadlıq şəraiti ümumən neqativ qiymətləndirilib. Bu da qeyd olunur ki, Azərbaycanda bütün dini fəaliyyət üzərində hökumətin nəzarəti gücləndirilib.

Sənəddə bildirilir ki, Azərbaycan qanunu bütün dini icmaların dövlət qeydiyyatından keçməsini tələb edir, istifadə olunan dini ədəbiyyata və başqa materiallara hökumətin icazəsi tələb olunur.

Hesabatda deyilir ki, prezident İlham Əliyev mart ayında din qanununa bəzi düzəlişləri imzalayıb.

Bu düzəlişlərdən birinə görə imamların təyin edilməsi nominal baxımdan müstəqil Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib və beləliklə də hökumətin dini işlərə müdaxiləsi rəsmiləşdirilib.

 

Azərbaycan tərəfindən hesabata ilk etiraz Qərbi Azərbaycan İcmasından gəlib.

İcmadan bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır.

Qeyd olunub ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.

Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir.

Biz ABŞ Dövlət Departamentini hesabatın həmin hissələrini redaktə etməyi, əsassız iddiaları çıxarmağı və Ermənistanda tüğyan edən Azərbaycanafob meylləri və Azərbaycanın dini və mədəni irsinin, o cümlədən, məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq.

Həmçinin, ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq.

Nəhayət, ümid edirik ki, bizim ABŞ-ın Dövlət Katibi Entoni Blinkenə müraciətimizə uyğun olaraq, ABŞ hökuməti Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərəcək.

GÜNÜN MANŞETLERİ