Xəbər mənbələri Livan təhlükəsizlik qüvvələrinin Seyid Həsən Nəsrullahın şəhid edilməsində dolayı yolla iştirak etdiyi iddia edilən bir şəxsi saxladığını bildirib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Livanlı jurnalist Abdullah Kamah şiə olmayan Livan vətəndaşının Livan Baş Təhlükəsizlik İdarəsi tərəfindən saxlanıldığını və Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın sui-qəsdi ilə əlaqədar İsrail rejimi ilə əlaqədə olduğunu bildirən bir video yayımlayıb.
Kamah bildirib ki, həmin şəxs Hizbullahın Qəzza zolağını dəstəklədiyi müharibə zamanı Beyrutun cənub ətrafındakı Dahiye rayonuna bir neçə nəfərlə birlikdə səyahət edib-gəldiyini etiraf edib.
Livanlı jurnalistin sözlərinə görə, saxlanılan şəxs Beyrutun cənubundakı müəyyən yerləri hədəf alan cihaz daşıyırmış. Araşdırmalar nəticəsində bu yerlərin Hizbullah tunelinin girişləri və ya obyektləri olduğu ortaya çıxıb.
Kamah bildirib ki, sözügedən cihaz yeraltı obyektlərin dərinliyini ölçüb və beləliklə, sionist rejiminə bu obyektləri hədəf almaq üçün bomba seçməyə kömək edib.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, bu şəxsin tapıldığı yerlərdən biri Seyid Həsən Nəsrullahın şəhid olduğu ərazi olub.
Qeyd edək ki, Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullah 27 sentyabr 2024-cü ildə Beyrutun cənub ətrafı olan Dahiyeyə İsrail hava hücumu nəticəsində həlak olub. İsrail döyüş təyyarələri tərəfindən həyata keçirilən bu hücum Hizbullahın Beyrutdakı əsas qərargahını hədəf alıb.