Səudiyyədə Ramazanda uşaqların məscidə gətirilməsi qadağan edildi.
Səudiyyə Ərəbistanı rəhbərliyi cari ildə müqəddəs Ramazan ayının keçirilməsini tənzimləyən yeni normalar və məhdudiyyətləri açıqlayıb.
İslamazeri.com “Middle East Monitor”-a istinadən xəbər verir ki, ölkə rəhbərliyinin dərc etdiyi sənəd 10 bənddən ibarətdir.
Bu cür qaydalar arasında dini ayinlər zamanı imamların və ziyarətçilərin şəkillərinin çəkilməsinin, həmçinin ibadətlərin istənilən sosial şəbəkə üzərindən yayımlanmasının qadağası da var.
Bundan başqa, iftarların keçirilməsi üçün ianələrin toplanması da qadağan edilib, orucun isə məscid daxilində açılmasına da icazə verilməyəcək.
Məscidlərdən yayımlanan azan səsinin yüksəkliyi də məhdudlaşdırılacaq, o cümlədən də namazların və Quran tilavətlərinin səsucaldanlarla çölə verilməsi də qadağan edilib.
Qeyri-adi olan məqam isə budur ki, Ramazan ərzində uşaqların məscidə gətirilməsi də qadağan edilib. Bunun səbəbi isə açıqlanmayıb.