Səfir: Azərbaycan və İran dostluğu regional sabitliyin açarıdır

Səfir: Azərbaycan və İran dostluğu regional sabitliyin açarıdır
Yayınlanma tarixi: 12/26/2025 9:41:40 AM

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə məqalə yazıb

İslamazeri.com xəbər verir ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə qələmə aldığı “Köhnə köklərdən yeni üfüqlərə” adlı məqaləsində İranın Azərbaycanın müstəqilliyini illər əvvəl rəsmi şəkildə tanıdığını və bunun sabit ikitərəfli münasibətlər üçün möhkəm əsas yaratdığını bildirib.

Səfir qeyd edib ki, iki xalq arasındakı münasibətlər unikal xarakter daşıyır və adi dövlətlərarası əlaqələr çərçivəsindən kənara çıxaraq əsrlərə söykənən ortaq mədəniyyət, tarix və dəyərlərə əsaslanır.

Məqalədə son 30 il ərzində İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı maraq və etimad üzərində inkişaf etdiyi vurğulanıb. Dəmirçilu yazıb ki, mövcud çətinliklər bu möhkəm təməl sayəsində aradan qaldırılıb və ortaq köklər münasibətləri müxtəlif sınaqlardan qoruyan sabitləşdirici amil rolunu oynayıb.

İran səfiri həmçinin iki ölkənin siyasi iradəsi və səmimi bağlılığının bu gün birgə təşəbbüslər və iqtisadi əməkdaşlıq layihələrində açıq şəkildə özünü göstərdiyini xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirən Müctəba Dəmirçilu bildirib ki, dövlət başçısı 19 may 2024-cü il tarixində Araz çayı üzərində birgə bəndlərin açılış mərasimində Tehran və Bakı arasında mövcud olan sarsılmaz birliyə diqqət çəkib. Prezident Əliyevin sözlərinə görə, “İran və Azərbaycan arasındakı birlik və dostluq sarsılmazdır. Heç kim aramıza məsafə qoya bilməz. Bu dostluq regional sabitliyin və gələcək təhlükəsizliyin açarıdır”.

Dəmirçilu vurğulayıb ki, İran ilə Azərbaycan arasında əməkdaşlıq regional sabitliyin təmin olunması, təhlükəsizliyin gücləndirilməsi və bütövlükdə Qafqazda inkişafın təşviqi baxımından böyük potensiala malikdir. O əlavə edib ki, Bakı ilə Tehran arasındakı iqtisadi və mədəni əlaqələr nə qədər güclü olarsa, hər iki xalqın maraqları bir o qədər qorunacaq və bölgədə qeyri-sabitlikdən faydalanmaq istəyən xarici qüvvələrin imkanları məhdudlaşacaq.

GÜNÜN MANŞETLERİ