Ənsarullah: Səudiyyə Ərəbistanı Yəməndə öz üstünlüyünü itirib

Ənsarullah: Səudiyyə Ərəbistanı Yəməndə öz üstünlüyünü itirib
Yayınlanma tarixi: 7/4/2026 12:00:03 PM

Ənsarullah: Səudiyyə Ərəbistanı Yəməndə təşəbbüsü itirib.

İslamazeri.com xəbər verir ki, Yəmənin Səna şəhərində yerləşən hökumətə nəzarət edən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buhayti ölkədəki böhranın həlli və regional diplomatik inkişaflarla bağlı qiymətləndirmələr aparıb.

Rusiyanın "Novosti" xəbər agentliyinə danışan əl-Buhayti İran və ABŞ arasında mümkün razılaşmanın Yəməndə sülhün bərqərar olması üçün kifayət etməyəcəyini və Səudiyyə Ərəbistanının Yəmən məsələsində siyasi və hərbi təşəbbüsünü itirdiyini bildirib.

O, Səna hökumətinin Səudiyyə Ərəbistanına sülh razılaşması üçün təqdim etdiyi tələblər yerinə yetirilməsə, qərar qəbuletmə səlahiyyətinin tamamilə ABŞ və İsrailə keçəcəyini bildirib və əlavə edib: "Bu o deməkdir ki, Səudiyyə Ərəbistanının manevr üçün yeri yoxdur. Lakin Yəmənə qarşı hərbi əməliyyatların dayandırılması ilk növbədə krallığın öz maraqlarına uyğundur".

Ənsarullah rəsmisi qeyd edib ki, Şimali Yəməndəki administrasiya Səudiyyə Ərəbistanı da daxil olmaqla heç bir ərəb ölkəsinə qarşı düşmən mövqeyi tutmur.

Lakin Ər-Riyadın sülh prosesinin başlaması üçün konkret addımlar atmalı olduğunu vurğulayan əl-Buhayti, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən bəri Şimali Yəmənə tətbiq etdiyi hava, quru və dəniz blokadasına dərhal son qoymalı olduğunu bildirib.

Prosesin çıxılmaz vəziyyətinə görə Ər-Riyadın məsuliyyət daşıdığını bildirən əl-Buhayti deyib: "Top artıq Səudiyyə Ərəbistanının meydanındadır. Yəmən xalqına böyük zərər vuran bu ədalətsiz blokada və hərbi əməliyyatlar fasiləsiz davam edərkən hər hansı bir sülh danışıqlarından danışmaq mümkün deyil."

Tehran və Vaşinqton arasındakı diplomatik təmasların birbaşa Yəmənə sülh gətirməyəcəyinə inandığını təkrarlayan əl-Buhayti, Səudiyyə Ərəbistanının bölgədəki diplomatik və hərbi çəkisini itirdiyini və xüsusilə Yəməndə qərar qəbuletmə aktoru olmaqdan uzaqlaşdığını əlavə edib.

Yəməndə Ənsarullah hərəkatı 2014-cü ilin sentyabr ayından bəri paytaxt Səna da daxil olmaqla, ölkənin mərkəzi və şimal bölgələrindəki əksər əyalətlərə nəzarət edir.

GÜNÜN MANŞETLERİ