Nazir: Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır

Nazir: Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır
Yayınlanma tarixi: 6.05.2023 12:44:45

Bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

"Bu gün Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır".

İslamazeri.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi: "Ümummilli lider xarici siyasətin başlıca istiqamətini və vəzifələrini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirdi. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu. Həmin dövrdə ölkəmizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və onun ağır nəticələri idi. Ümummilli lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu".

C.Bayramov bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi: "Ümummilli lider torpaqlarımızın azad olunacağını və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimiz dövlət başçısının rəhbərliyi ilə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirak ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız azad edilən torpaqlarda qürurla dalğalanır".

Nazir onu da qeyd edib ki, Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir: "Bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır".

GÜNÜN MANŞETLERİ