Müharibənin qalibi kim olacaq?

Müharibənin qalibi kim olacaq?
Yayınlanma tarixi: 3/2/2026 8:08:01 PM

Xüsusilə ideologiyası mütləq Haqqa — Allaha bağlı olanlar üçün məğlubiyyət anlayışı yoxdur. Çünki yerin və göyün sahibi olan Allah yolunda canını verən şəxs, zahirdə həyatını itirsə də, ilahi baxımdan ölü deyil — diridir.

Məqaləni oxumamış yuxarıdakı "Müharibənin qalibi kim olacaq?" sualına cavab verməyə çalışmayın. Söhbətin ABŞ-İsrail cütlüyünün digər gizli dəstəkçilərilə qonşumuz İrana başlatdığı müharibədən gedir.

Bildiyimiz kimi 12 günlük müharibədən sonra İran yenə ABŞ ilə dolayısı yolla müzakirəyə başlamış və növbəti müzakirələrə bir neçə gün qalmış ABŞ-İsrail İrana hücumlara start vermişdi.

İlk aldığımız xəbər İsrail tərəfindən İranda bir məktəbə hücum məlumatı idi. Onlarla şagird və müəllimin həyatını itirdiyi bu hücum bütün  haqqsevər insanların narahat etmişdi. Bu xəbərin təsiri bitməmiş, İslam İnqilabının rəhbəri, həmçinin milyonlarla şiə müsəlmanın mərcəi təqlidi, həmçinin milliyətçə azərbaycanlı olan Ayətullah Seyid Əli Xameneinin Ramazan ayında (İmam Əli (ə) də Ramazan ayında şəhid edilib) şəhid edilmə xəbəri yayıldı. İran tərəfi bu xəbəri rəsmi olaraq açıqladıqdan sonra, dünya miqyasında bütün şiələr bu xəbəri göz yaşları, bəziləri isə intiqam hissilə qarşıladılar.

Ayətullah Xamenei öz evində hədəfə alındı

Məlumatlı mənbələrdən biri Ayətullah Seyid Əli Xameneinin niyə bunkerdə və ya başqa müdafiə olunan yerdə saxlanılmamasıyla bağlı haqlı narahatçılıqlara belə cavab vermişdi “Ayətullah Xameneiyə bunu dedik. Lakin o özü, Tehranın milyonlarla insanını da bunkerdə və ya çox güclü müdafiə olunan yerdə qorumağa imkanınız olacaqmı?”, -deyə cavab vermişdi...

Gördüyümüz qədər bir çox medianın “Xamenei qaçdı”, “Xamenei bunkerdən çıxmır” və bu kimi daha onlarla xəbəri yalan, böhtan və dezinformasiyadan başqa bir şey deyildi.

Özünü uzun illərin peşəkar jurnalistləri sayanlar belə, onun Moskvaya qaçdığını yazırdı. Bəşər Əsəd olayını görən bu jurnalistlər, əslində şiə məktəbini və İranı tanımırdılar.

Həqiqətən onlar bir analiz verməzdən əvvəl gərək imamların həyatlarına bir baxış edəydilər. Bu barədə çox yazmaq olar, lakin Ayətullah Xamenei, 14 aylıq nəvəsi, qızı və həyat yoldaşının birlikdə şəhid edilməsi faktı kifayət edir ki, onu ölkəsinin dar günündə övladlarını ölkədən qaçıran, özləri Netanyahu kimi gizlənən liderlərlə  dəyişik salmasınlar...

Ayətullah Xamenei özü dəfələrlə yataqda, qəza ilə ölməkdən çox şəhidlik məqamına layiq olması üçün Allaha dua etməsilə bağlı videolara, çıxışlara rast gəlmişik. Təbii ki, Allaha iman edən elə şəxs yoxdur ki, sonunu ən ləyaqətli ölüm olan şəhadətlə bitməsini istəməsin.

İndi gələk müharibənin görünən və görünməyən tərəfinə...

İsrail və ABŞ-ın hücumundan sonra İran tərəfi də çox güclü hücumlara başladı. İsraildə çox sayda nöqtə vuruldu, ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazaları raket atəşinə tutuldu. Tramp özü say demədən amerikalı hərbiçilərin öldürüldüyünü etiraf etdi.

İran tərəfinin də ağır itkilərə məruz qalması gizlədiləsi faktlar deyil. Amma burada əsas sual itki deyil, budur İran tərəfi ABŞ-ın istəklərinə boyun əyəcəkmi?

Tramp İranı öz köləsi etmək istəyini gizlətmir. İran rəhbərliyi üçün 3 namizədinin olduğunu deyir. Təsəvvür edirsiz, bir ölkənin prezidenti deyir ki,  başqa bir ölkəyə 3 “lider” namizədi var. Bax əsl məsələ də budur. Hazırda İran Trampın istəklərinin tam ziddinə gedərək bölgədəki bütün hərbi bazalarını vurur, İsrailə qarşı görünməmiş hücumlar həyata keçirir. İsrail rejiminin “senzura”sı olmasına baxmayaraq orada da itkilər, dağıntılar və infrastrukturun iflic olması haqda öz mediaları ara-sıra xəbər verirlər.

Biz hazırda bir izləyici kimi, müharibənin sonunu gözləyirik. Təbii ki, dünyada, bölgədə, ölkədə sülh, əminamanlıq olmasını arzu edirik, lakin göründüyü qədər Epşteyn məsələsində əlləri çirkli olanlar bunu istəmir və dünyanı qan gölünə çevirmə niyyətindədirlər.

Bəli rus siyasətçilərdən birinin dediyi kimi “Epşteynin uşaqların qurban verilməsi faktları” hazırda müharibələrin arxasında duran Qərbin əsil simasıdır.

Son olaraq bunu deyə bilərəm ki,  insan öz ideologiyası və inandığı dəyərlər uğrunda canından keçməyə hazırdırsa, bu o deməkdir ki, o, həmin dəyərlərə sahib çıxmış, onlarla birləşmiş və məhz bu yolla dəyər qazanmışdır.

Məhz buna görə də dünya analitikləri hadisələri araşdırarkən yalnız hərbi, siyasi və sosial tərəflərlə kifayətlənmir, ideoloji amili də əsas faktor kimi nəzərə alırlar.

Bu gün dünyada müharibələr sülhü, əmin-amanlığı və hüzuru aradan aparıb. Böyük güclər çox vaxt diktələrini açıq şəkildə ifadə edir, “səni yox edərəm” təhdidi ilə xalqları itaətə məcbur etməyə çalışırlar. Bu diktələrə qarşı çıxanlar bəzən öldürülür, bəzən isə devrilir.

Lakin burada çox mühüm bir detal var. Bu “sözə qulaq asmayanlar” arasında həm şəxsi təkəbbürünə güvənənlər, həm də ideologiyasına söykənənlər mövcuddur. İnsan böyük güc qarşısında dirənərkən nəyə güvənir? Təkəbbürünəmi, yoxsa inandığı ideologiyasınamı?

Əgər insan güvəndiyi dəyərin haqq olduğuna inanırsa, onun ölümü belə ölümsüzlüyə çevrilir. Onun zahiri məğlubiyyəti belə ideoloji qələbə kimi dəyərləndirilir.

Allahdan arzu edirəm ki, Özü bütün müsəlmanlara kömək etsin. Dünya üzərində nə qədər uşaq qatili var, hamısını tezliklə cəzalandırsın.

Ramin Bayramov

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM