Məhkəmə müxalifətçini borcunu ödədikdən sonra azad etdi

Məhkəmə müxalifətçini borcunu ödədikdən sonra azad etdi
Yayınlanma tarixi: 24.11.2022 17:00:14

Bu gün Biləsuvar Rayon Məhkəməsi müxalifətçi Ziya İbrahimova qarşı cinayət işinə xitam verib. O, borcun ödənilməsilə bağlı məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunurdu.

İslamazeri.com-un xəbərinə görə, vəkil Elçin Sadıqov Turan-a bildirib ki, müttəhim iki icra vərəqəsinə görə 9 min və 3,5 min manat ödəyib və məhkəmə cinayət işinə xitam verib. İbrahimov məhkəmə zalında sərbəst buraxılıb.

İbrahimovun sözlərinə görə, saxlanıldığı müddətdə ona təzyiq olmayıb və səhhətindən şikayəti yoxdur.

*İbrahimov bu il mayın 19-da Almaniyadan deportasiya edilib. O, hava limanında saxlanılıb və 30 sutka həbs edilib. Azadlığa çıxandan sonra məhkəmə qərarını icra etmədiyi üçün barəsində cinayət işi açılıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, söhbət keçmiş xanımı ilə əmlak mübahisəsi üzrə borcun ödənilməməsindən gedir. Siyasi mühacirətdə olduğundan borcu ödəmək üçün pul göndərib, ancaq vəsait qəbzsiz köçürülüb.

**İbrahimov Biləsuvar rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri olub. 2018-ci il prezident seçkilərindəki fəallığına görə təqiblərə məruz qalıb. Bundan sonra məcburən Almaniyaya mühacirət edib.

Ziya İbrahimov Almaniyadan deportasiya edilən və ötən ilin payızından həbs olunan altı fəaldan biri olub. Ondan öncə Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli və Samir Aşurov həbs ediliblər. Sonradan Azərbaycana özü gələn Anar Əliyev də həbs edilib. 

GÜNÜN MANŞETLERİ