Maliki yenidən İraq baş naziri ola bilər

Maliki yenidən İraq baş naziri ola bilər
Yayınlanma tarixi: 1/22/2026 12:08:21 PM

İraqda Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki, noyabr ayında keçirilən parlament seçkilərindən sonra yaranan iki aylıq siyasi qeyri-müəyyənlikdən sonra üçüncü dəfə baş nazir postuna qayıtmağa hazırlaşır.

İslamazeri.com xəbər verir ki, Parlamentdəki ən böyük blok olan Şiə Koordinasiya Çərçivəsi, hazırkı baş nazir Məhəmməd Şiya əs-Sudaninin Malikinin xeyrinə namizədlikdən çəkilməsi ilə bağlı razılığa gəlib.

Ayətullah Xamenei namizədliyi təsdiqlədi

Prosesdə ən kritik dönüş nöqtəsi Tehrandan gələn mesaj olub. Əl-Əxbar qəzetinə danışan siyasi mənbələrə görə, İslam İnqilabı Rəhbəri Ayətullah Əli Xamenei, İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmail Qaani vasitəsilə göndərdiyi mesajda Malikinin namizədliyinə razılıq verib.

Hüquq Dövləti fraksiyasının deputatı Hüseyn əl-Batat, Koordinasiya Çərçivəsinin qərarını verdiyini və rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyini bildirib.

Batat deyib: “Çərçivə daxilində razılıq əldə olunub, prezidentin seçki iclasından sonra təyinat həyata keçiriləcək.”

Koordinasiya Çərçivəsinin rəhbərlərindən Nəsim Abdullah isə Sudaninin geri çəkilməsi ilə Malikinin ən güclü namizəd vəziyyətinə gəldiyini vurğulayıb.

Malikinin mümkün geri dönüşü, xüsusilə sünni blokda və siyasətdən çəkilmiş Sədr Hərəkatının tərəfdarları arasında narahatlıq yaradıb.

Malikinin əvvəlki hakimiyyəti dövründə Mosulun İŞİD-in əlinə keçməsi və təhlükəsizlik boşluqları hələ də yaddaşlardadır.

Təqəddüm Partiyasının lideri Məhəmməd əl-Həlbusi, milli razılaşma çağırışı edərək, “acı və yoxsulluqla dolu illərə” geri dönülməməsi barədə xəbərdarlıq edib.

Vaşinqtonun isə Malikinin İrana yaxınlığına baxmayaraq, ölkə daxilində balansları idarə etmək təcrübəsinə görə onun geri dönüşünə səssiz qala biləcəyi ehtimal olunur.

GÜNÜN MANŞETLERİ