Makron və Zelenskinin Parisdə görüşü olub

Makron və Zelenskinin Parisdə görüşü olub
Yayınlanma tarixi: 15.05.2023 14:27:49

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisdə görüşüb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Makron və Zelenski arasında təxminən 3 saat davam edən görüşlə bağlı Yelisey Sarayından verilən birgə bəyanatda iki liderin Ukrayna-Rusiya müharibəsini pislədikləri bildirilib.

Rusiyanın Ukrayna ərazisindən hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çəkməli olduğu vurğulanaraq, Fransa və Ukraynanın da Rusiyanı Zaporojye atom elektrik stansiyasından çəkilməyə çağırdığı qeyd olunub.

Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.

Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyinə diqqət çəkilən bəyanatda Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ordusunun bir neçə taboruna təlim keçməyə, onlara müvafiq silah və zirehli texnika verməyə hazır olduğunu dediyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Paris administrasiyası səylərini “Ukraynanın hava hücumundan müdafiə imkanlarına dəstək” üzərində cəmləyib.

Fransanın bundan əvvəl də Ukraynaya 2 DNT laboratoriyası göndərdiyi və Ukraynanın sülh planını dəstəklədiyi bildirilib.

Ukrayna və Fransanın Rusiyaya qarşı yeni sanksiyalar çağırışına toxunulan bəyanatda Fransanın Ukraynanın Qara dəniz Taxıl Təşəbbüsünü davam etdirmək səylərinin əhəmiyyətini vurğuladığı bildirilib.

Bəyanatda Ukraynanın və xalqının gələcəyinin Avropa ailəsinə aid olduğu, Fransanın NATO-Ukrayna Komissiyasına dəstək verdiyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra Londona səfər edib.

Xatırladaq ki, Ukrayna Prezidenti mayın 13-də Romaya səfər edib, burada İtaliya Prezidenti və Baş naziri ilə görüşüb, həmçinin Roma Papasının qəbulunda olub.

Daha sonra Almaniyaya səfər edən Zelenski Prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şolts ilə danışıqlar aparıb.

GÜNÜN MANŞETLERİ