Küveytdən Qurana hörmətsizliyə icazə verən ölkələrə qarşı yeni qadağalar

Küveytdən Qurana hörmətsizliyə icazə verən ölkələrə qarşı yeni qadağalar
Yayınlanma tarixi: 13.07.2023 11:28:38

Küveyt Milli Assambleyası Quranın təhqir olunmasına icazə verən ölkələrə ixracın qadağan edilməsi və bu ölkələrə məxsus məhsulların satışı da daxil olmaqla bir sıra qərarlar qəbul edib.

İslamazeri.com xəbər verir ki, ötən gün Küveyt parlamentində keçirilən iclasda İsveçdə Quranın yandırılmasına icazə verilməsi ilə bağlı Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi və İnformasiya Nazirliyinə bəzi qərarlar verilib.

Xarici İşlər Nazirliyindən İslam dinini təhqir etməyi cinayət hesab etmək üçün beynəlxalq toplantılarda üzərinə düşəni yerinə yetirmək və Allahı, peyğəmbərləri və dini təhqir edənlərə qarşı beynəlxalq məhkəmələrdə işlərin açılmasına imkan verən qanunlar qəbul etmək tələb olunub.

Bundan əlavə, Xarici İşlər Nazirliyinə dini təhqir edənlərin siyasi sığınacaq tələblərini qəbul etməməyə çağırış edilib.

Ticarət Nazirliyinə tövsiyə olunub ki, Qurana və İslam dininə hücumlara yol verən ölkələrin bazar və ticarət mərkəzlərində məhsulların satışının qadağan edilməsi ilə bağlı qərar qəbul etsin.

Eyni şəkildə, Ticarət Nazirliyindən "İslam prinsiplərinə qarşı hücumlara icazə verən, şəxsi azadlığı qəbul edən və təhqir edənləri müdafiə edən ölkələrə ixracı qadağan etmək" tələb olunub. Bu səbəblərdən məhsullarına qadağa qoyulan ölkələrin mallarını satanlara qarşı sərt tədbirlər görülməsinə çağırış edilib.

GÜNÜN MANŞETLERİ