Qərb və İsrail mediasında, eləcə də müxtəlif kəşfiyyat mənbələrinə istinadən bu növ "sızdırılma" (leak) (Azərbaycan ərazisindən İsrailin İrana hücum xəbərləri) xəbərlərin yayılması heç də təsadüfi deyil.
Bu, Bakı ilə Təl-Əviv arasında bəzi sahələrdə (məsələn, müdafiə sənayesi alqı-satqısı) tərəfdaşlıq olsa da, geosiyasi maraqlar toqquşduqda İsrailin Azərbaycana qarşı "dost ölkə" kimi davranmadığını, əksinə öz maraqları naminə Bakını hədəfə qoyduğunu göstərir. Bunun əsas səbəbləri aşağıdakılardır:
1. Azərbaycanın qətiyyətli "Rədd" cavabı və müstəqil siyasəti
➡️Azərbaycan Respublikasının xarici siyasətinin ən fundamental prinsiplərindən biri öz ərazisindən qonşu dövlətlərə (o cümlədən İrana) qarşı hərbi platforma, plasdarm və ya kəşfiyyat poliqonu kimi istifadə edilməsinə qətiyyən icazə verməməkdir.
➡️İsrail rəsmiləri müxtəlif dövrlərdə rəsmi Bakıdan İrana qarşı əməliyyatlarda infrastruktur və ya hava məkanı dəstəyi qoparmağa çalışsalar da, hər dəfə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin sərt və güzəştsiz "RƏDD" cavabı ilə qarşılaşıblar. İsrail tərəfi regional müharibədə Azərbaycanı öz tərəfinə çəkə bilmədiyi və öz hərbi maraqlarına rədd cavabı aldığı üçün bu cür manipulyativ məlumatlar yaymaqla qisas almağa çalışır.
2.Azərbaycanı İrana qarşı canlı hədəfə çevirmək cəhdi
➡️Bu cür məqalələrin dərc edilməsinin arxasında duran çirkin niyyətlərdən biri də Tehran ilə Bakı arasında münasibətləri tamamilə qoparmaqdır. İsrail öz mediası və kəşfiyyat sızıntıları vasitəsilə İrana dırnaqarası ismarış verir: "Baxın, sizin qonşunuz Azərbaycandır və hərbi zərbələr oradan idarə olunur". Bununla da İsrail, Azərbaycanı İranın potensial cavab zərbələrinin hədəfinə çevirməyə, iki müsəlman ölkəsini bir-birinə qarşı qoymağa və Bakını regionda təkləməyə çalışır. Bu, səmimi tərəfdaşlıq deyil, Azərbaycanın təhlükəsizliyini təhlükəyə atan eqoist bir yanaşmadır.
3. "Hər yerdəyik" İllüziyası və informasiya müharibəsi
➡️İsrail kəşfiyyatı tez-tez rəqiblərinə psixoloji təzyiq göstərmək üçün mediaya yalan və ya şişirdilmiş məlumatlar sızdırır. Azərbaycan, İraq və Somalilend kimi fərqli coğrafiyalarda bazalarının olduğunu iddia etməklə İsrail öz hərbi gücünü və əhatə dairəsini realda olduğundan daha böyük göstərməyə çalışır. Bu prosesdə Azərbaycanın suverenliyinə və beynəlxalq reputasiyasına vurulan zərər isə Təl-Əvivin vecinə deyil.
Azərbaycanın mövqeyi isə budur: Azərbaycan heç bir ölkənin, o cümlədən İsrailin regional hərbi ambisiyalarının aləti deyil və olmayacaqdır. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan torpaqları üçüncü ölkələrə qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün qapalıdır.
➡️İsrail mediasında çıxan bu növ iddialar, Azərbaycanın İsrailin İrana qarşı müharibə planlarına alət olmaqdan imtina etməsinin və Bakının qətiyyətli rədd cavabının doğurduğu məyusluğun göstəricisidir. Bu hadisə bir daha sübut edir ki, dövlətlərarası münasibətlərdə mütləq "dostluq" yoxdur, yalnız maraqlar var və İsrail öz maraqları naminə tərəfdaş hesab etdiyi ölkələrin milli təhlükəsizliyini belə asanlıqla riskə ata bilər.
P.S. Bütün İsrail mediası CNN-nın Azərbaycanla bağlı yaydığı xəbərlərdən başqa, Azərbaycanın guya İrana qarşı hücumlarda bir poliqon kimi istifadə edilməsi təəssüratını yayır. Misal üçün rusdilli Cursor saytını gətirmək olar. Sayt CNN-ə belə istinad etmədən İsrailin Azərbaycan, İraq və Somalilənddə gizli bazalar qurduğunu və İrana qarşı hücumlarda bu bazalardan istifadə etmə yalanlarını yazıb.