İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurdu.
İslamazeri.com xəbər verir ki, 17 apreldə qüvvəyə minən və 17 may tarixindən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq, İsrail ordusu Livana hücumlarını davam etdirir.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, işğalçı ordu cənubdakı Tir şəhərindəki Qalila bölgəsinin meşələrini fosfor bombaları ilə hədəfə alıb və yanğınlara səbəb olub.
Hücumdan sonra ərazidəki kənd təsərrüfatı torpaqlarında və sitrus bağlarında yanğınların baş verdiyi bildirilib.
Qaliləyə hücumda itki və ya xəsarət alanlarla bağlı heç bir məlumat paylaşılmayıb.
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Livanın cənubundakı Doveyr, Arnon, Yahmir əş-Şakif, Kafr Rumman və Nabatiye şəhərlərində müxtəlif nöqtələri hədəfə alıb.
İlkin məlumatlara görə, Doveyrdəki hücumda 2-si ağır olmaqla 4 nəfər yaralanıb.
Vadi Cilo əl-Bazuriyyə yolundakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verən hava hücumunda da iki nəfər yaralanıb.
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir neçə şəhərin nəzarətini ələ keçirib.
Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.
24 apreldə ABŞ prezidenti Donald Tramp Livanla sionist rejimi arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqladı.
Livanla sionist rejimi arasında ABŞ-ın vasitəçiliyi ilə 14-15 may tarixlərində keçirilən üçüncü danışıqlardan sonra atəşkəsin 17 may tarixindən etibarən 45 gün uzadılması və dördüncü danışıqların iyunun əvvəlində keçirilməsi qərara alınıb.
Livan Səhiyyə Nazirliyi dünən sionist işğalçıların 2 martdan bəri həyata keçirdiyi hücumlarda 3151 nəfərin şəhid olduğunu açıqlayıb.