İsrail ordusunun Livanın cənub bölgələrində fəaliyyətləri nəticəsində bir sıra insidentlər qeydə alınıb.
İslamazeri.com xəbər verir ki, hadisələr atəşkəs rejimi və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi fonunda baş verib.
“Əl-Mənar” telekanalının müxbirinin verdiyi məlumata əsasən, cümə günü səhər saatlarında İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda, Xiyam şəhərinin qərb məhəlləsində yerləşən şale zonasının yaxınlığına səs bombası atıb.
Bundan əlavə, eyni mənbə bildirir ki, İsrail artilleriyası Livanın cənubunda yerləşən Marun ər-Ras qəsəbəsi ərazisindəki Cəbəl Kəhil bölgəsini işıqlandırıcı mərmilərlə atəşə tutub.
Cümə axşamı axşam saatlarında isə bir “Merkava” tankı və iki hərbi texnika Livanla sərhəddə yerləşən Yarun qəsəbəsinin şərq istiqamətində irəliləyərək əvvəllər dağıdılmış yaşayış evlərindən birinin yaxınlığında mövqe tutub.
Hadisədən sonra Livan ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) birgə patrulu əraziyə hərəkət edib. Eyni zamanda bölgə üzərində kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarının intensiv uçuşu müşahidə olunub.
Məlumatda həmçinin qeyd olunur ki, insidentdən əvvəl Yarun qəsəbəsinin ətraf əraziləri iki artilleriya mərmisi ilə atəşə tutulub, həmçinin Bəyyaz Bəlida mövqeyi istiqamətindən qəsəbənin mərkəzinə doğru avtomatik silahlardan atəş açıldığı qeydə alınıb.