İsrailin Qəzza zolağına son hücumlarında uşaqlar və bir səhiyyə işçisi də daxil olmaqla 24 fələstinli şəhid olub. Atəşkəsin 116-cı günündə baş verən hücumlar bir daha mülki şəxslərin sistematik şəkildə hədəfə alındığını ortaya qoydu.
İslamazeri.com xəbər verir ki, Xüsusilə Şərqi Qəzzada bir çox bölgədə yaşayış məntəqələri, qaçqın düşərgələri və məcburi köçkünlərin yerləşdiyi çadırlar bombalanıb. Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində bir qrup mülki şəxsi hədəf alan hücumda bir fələstinli şəhid olub, bir çoxu yaralanıb.
Deyr əl-Bəlahda çadır hədəfə alınarkən 11 yaşlı uşaq da daxil olmaqla iki fələstinli həyatını itirib. Xan Yunisin Mavassi bölgəsində məcburi köçkünlərin yerləşdiyi çadırlara edilən hücumda iki uşaq və bir səhiyyə işçisi şəhid olub. Fələstin Qırmızı Ayparası səhiyyə işçisinin humanitar vəzifələrini yerinə yetirərkən birbaşa hədəfə alındığını bildirib.
Qəzzanın Tuffah məhəlləsində bir binaya atılan artilleriya zərbəsi nəticəsində eyni ailənin dörd üzvü - iki uşaq da daxil olmaqla - həlak olub. Xan Yunisin cənubundakı Zeytun məhəlləsində və yaşayış məntəqələrində baş verən hücumlarda qadın və uşaqlar da daxil olmaqla çoxsaylı mülki şəxs həlak olub.
Hücumlardan sonra İsrail ordusu Qəzzanın müxtəlif bölgələrini quru, dəniz və hava qüvvələri ilə ağır atəşə tutmağa davam etdi. İsrail mediasında yer alan xəbərlərdə yeni hücumlara hazırlıqların getdiyi bildirilirdi. Atəşkəsə baxmayaraq mülki şəxslərin hədəfə alınması bir daha göstərdi ki, Qəzzada təhlükəsiz ərazilər qalmayıb.