Hücumun dəf edilməsinə hərbi təyyarələrin cəlb olunduğu bildirilir.
İŞİD silahlılarının Bağdadın şimalında yerləşən hərbi bazaya hücumu nəticəsində iki hərbçi həlak olub.
İslamazeri.com AZƏRTAC-a istinadla xəbər verir ki, hücuma İraq ordusunun Ər-Raşidiyyə rayonundakı 11-ci diviziyası məruz qalıb. Hücumun dəf edilməsinə hərbi təyyarələr cəlb olunub.
Bu ərəfədə qruplaşma Əl-Mikdadiyyə şəhəri yaxınlığında yerləşən Əl-Havaşa kəndinə hücum edərək 14 dinc sakini qətlə yetirib, 15 nəfəri yaralayıb, üç nəfəri isə girov götürüb.
Qeyd edək ki, İŞİD silahlıları 2014-cü ilin yay aylarında İraq ərazisinin təxminən üçdə birini ələ keçirməyə nail olmuşdu. İyun ayında ölkənin ikinci böyük şəhəri Mosula daxil olan qruplaşma onu “qurduqları xilafətin” paytaxtı elan etmişdi. 2015-ci ildə İraqın hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlamış, 2017-ci ilin dekabrında isə sabiq Baş naziri Heydər əl-Abadi qruplaşmanın tam məğlubiyyətə uğradığını bildirmişdi.