İranda partlayış, ölənlər var - Terror aktı iddiaları təkzib olundu

İranda partlayış, ölənlər var - Terror aktı iddiaları təkzib olundu
Yayınlanma tarixi: 1/31/2026 5:37:43 PM

İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.

İslamazeri.com xəbər verir ki, Bəndər Abbasın Müəllim bulvarı ərazisində yerləşən səkkizmərtəbəli binada baş verən partlayışın qaz sızması nəticəsində meydana gəldiyi bildirilir. Hadisə nəticəsində binanın iki mərtəbəsi, bir neçə avtomobil və ətrafdakı mağazalar dağılıb.

Qeyd olunur ki, xilasetmə və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub və axtarış-xilasetmə işləri aparılır. Partlayışın baş verdiyi ərazidə təşviş yaşanıb.

İran mediasının yaydığı məlumatlara əsasən, partlayış nəticəsində 4 nəfər ölüb.

Sui-qəsd iddiaları təkzib edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir komandirin sui-qəsdə məruz qalması ilə bağlı yayılan iddiaları təkzib edib. SEPAH-a yaxınlığı ilə tanınan “Sepah Pasdaran” adlı Telegram kanalı mövzu ilə bağlı açıqlama yayıb.

Açıqlamada sosial şəbəkələrdə SEPAH komandiri Tengsirinin sui-qəsdə uğraması və Hörmüzgan əyalətində İnqilab Keşikçiləri Donanmasına məxsus qərargaha pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilməsi ilə bağlı yayılan məlumatların əsassız olduğu bildirilib. Qeyd olunub ki, qərargahda heç bir bina zərər görməyib.

Rəsmi məlumatlara görə, Bəndər-Abbas şəhərində baş verən partlayış qaz sızması ilə əlaqəlidir və hadisə nəticəsində azı 4 nəfər həyatını itirib.

GÜNÜN MANŞETLERİ