ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin İran sərhədləri yaxınlığında Fars və Oman körfəzləri üzərində müşahidə olunduğu bildirilir.
İslamazeri.com xəbər verir ki, uçuş izləmə platforması Flightradar24, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsinin Bəhreyndəki bazadan havaya qalxdığını bildirdi.
Fars və Oman körfəzləri üzərində kəşfiyyat uçuşu həyata keçirən təyyarənin İran hava məkanına yaxınlaşdığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İrana doğru irəliləyən ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela yaxınlığındakı donanmadan daha böyük olduğunu bildirmişdi. Tramp əlavə etmişdi ki, Vaşinqton İranla razılığa gəlməyə ümid edir, lakin razılığa gəlməsə, ABŞ "nə baş verəcəyini görəcək".
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla nüvə məsələləri üzrə dialoqu yenidən başlatmağa hazır olduğunu, lakin bunun bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalı olduğunu bildirib.