İran uranın zənginləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

İran uranın zənginləşdirilməsi ilə bağlı iddiaları təkzib edib
Yayınlanma tarixi: 20.02.2023 16:20:15

İran bir sıra xarici medianın uranın zənginləşdirilməsi səviyyəsinin 84 faizə çatdırılması ilə bağlı bəyanatlarını təkzib edib.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi uranın zənginləşdirilməsi iddialarını “faktların saxtalaşdırılması” adlandırıb.

İslamazeri.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, sözçü Kamalvəndi deyib:

“İndiyədək İslam Respublikası 60 faizlik zənginləşdirmə həddini keçməyib. Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Tehrana siyasi təzyiqi davam etdirir”. 
MAQATE-nin sosial media hesabından paylaşılan mesajında qeyd edilir ki, təşkilat İranda uranın zənginləşdirilməsinin həddən artıq olması ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardır və MAQATE-nin direktoru Rafael Mariano Qrossi bu barədə təşkilatın Direktorlar Şurasına məlumat verəcək.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa), eləcə də Almaniya arasında imzalanıb. Razılaşmalar Tehrana uranı 3,67 faizədək zənginləşdirməyə və maksimum 300 kq uran istehsal etməyə imkan verir.
ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra İran JCPOA çərçivəsində öhdəliklərini dayandırıb.

2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində uranın zənginləşdirilməsinə 60 faiz səviyyəsində başlandığını, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib.

GÜNÜN MANŞETLERİ