İran: Qərar masadadır, son söz hələ deyilməyib
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, danışıqlarda bir çox məsələlər üzrə razılıq əldə olunub, lakin yekun qərarın verilməsi üçün aidiyyəti qurumlar arasında qiymətləndirmə və razılaşdırma prosesi davam edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran dövlət televiziyasına telefon bağlantısı vasitəsilə verdiyi açıqlamada deyib ki, diplomatik proseslərdə hər bir tərəfin öz mövqeyini formalaşdırmağa çalışması təbiidir. O vurğulayıb ki, İran danışıqlar boyunca faktlara əsaslanan və ardıcıl mövqe nümayiş etdirib.
Bəqayi qeyd edib ki, İran danışıqların əvvəlindən etibarən öz qırmızı xətlərini açıq şəkildə ortaya qoyub və bu mövqeyi dəyişməz olaraq qalır.
O, Xarici İşlər naziri Abbas Əraqçinin son açıqlamalarına istinad edərək bildirib ki, tərəflərin razılaşmaya çox yaxın olması ilə bağlı qiymətləndirmələr yeni deyil.
Bununla yanaşı, o iddia edib ki, qarşı tərəfin tez-tez mövqeyini dəyişməsi və yeni tələblər irəli sürməsi prosesi ləngidib.
İranlı sözçü ABŞ-ın İranı etibarsız olmaqda ittiham etməsini tənqid edərək bildirib ki, İran keçmişdə nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri xoş niyyətlə yerinə yetirib, lakin ABŞ sonradan həmin sazişdən çıxıb.
Bəqayi xatırladıb ki, daha əvvəl danışıq prosesini “ilan və nərdivan oyunu”na bənzətmişdi. Onun sözlərinə görə, bunun səbəbi ABŞ tərəfinin proqnozlaşdırılması çətin olan davranışlarıdır.
Bəqayi bildirib ki, İran diplomatik prosesə başlayarkən əsas məqsəd kimi razılaşmaya nail olmağı müəyyənləşdirib və əlavə edib:
“Hazırda məsələlərin böyük əksəriyyəti üzrə razılıq əldə olunub. İndi isə biz öz daxilimizdə qiymətləndirmə və yekunlaşdırma mərhələsindəyik.”
İran Xarici İşlər Nazirliyinin sözçüsü danışıqlar prosesinin son mərhələləri ilə bağlı qiymətləndirməsində qərarvermə mexanizminin işə salındığını bildirib.
Bəqayi qeyd edib ki, hazırda aidiyyəti dövlət qurumları və qərarverici orqanlar arasında iclaslar davam edir:
“Biz danışıqların gedişini və qarşı tərəfin mövqeyini realist yanaşma ilə izləyirik. Hazırda aidiyyəti qurumların iclasları davam edir. Yekun nəticəyə nail olmaq üçün qərarverici instansiyalar arasında razılıq əldə olunmalıdır.”
Bəqayi, Donald Trumpın razılaşmanın bazar və ya bazar ertəsi imzalana biləcəyi ilə bağlı iddiası barədə qəti fikir bildirməyin mümkün olmadığını deyib.
O bildirib ki, imzalanma tarixi, yeri və digər təfərrüatlar diplomatik prosesin necə inkişaf edəcəyindən asılıdır və hazırda bununla bağlı rəsmi təsdiq vermək mümkün deyil.
Son günlər mediada yayılan müxtəlif razılaşma layihələri və iddialara da toxunan Bəqayi bildirib ki, jurnalistlərin məlumat əldə etməyə çalışması təbiidir, lakin yayımlanan mətnlərin heç birini təsdiqləyə bilməz.
Sözçü vurğulayıb ki, bu vəziyyət xalqdan məlumat gizlədilməsi anlamına gəlmir və prosesin həssaslığı nəzərə alınaraq rəsmi açıqlamaların gözlənilməsi vacibdir.
Bəqayi qeyd edib ki, İran qərarlarını qarşı tərəfin açıqlamalarına əsasən deyil, öz milli maraqları və institusional qərarvermə mexanizmləri çərçivəsində qəbul edir.
Sözçü əlavə edib ki, yekun qərar verilməzdən əvvəl əvvəlki danışıqlar təcrübələri və keçmiş razılaşmalardan çıxarılan nəticələr diqqətlə nəzərdən keçiriləcək.