İran: Nüvə danışıqlarının davam etdirilməsi üçün əməli addımlar atılmalıdır

İran: Nüvə danışıqlarının davam etdirilməsi üçün əməli addımlar atılmalıdır
Yayınlanma tarixi: 27.12.2022 10:05:27

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Tehranın dialoq qapısı açıqdır və nüvə danışıqlarının davam etdirilməsi üçün əməli addımlar atılmalıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.

İslamazeri.com xəbər verir ki, Kənani ötən həftə İordaniyanın paytaxtı Əmmanda keçirilən “2-ci Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı” çərçivəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə görüşünə diqqət çəkərək , " "Bu mühüm addımdır" deyib.

İranın dialoq qapısının nüvə danışıqları üçün açıq olduğunu qeyd edən N.Kənani razılığa gəlməyin mümkün olduğuna inandıqlarını, lakin bunun üçün Qərb tərəfinin iradə ortaya qoymasının vacibliyini vurğulayıb.

Danışıqların davam etdirilməsi üçün əməli addımların atılmasının vacibliyini dilə gətirən Kənani, İranın xarici siyasətinin Birgə Hərtərəfli Fəaliyyət Planı və nüvə müzakirə masasından asılı olmadığını, qonşuları ilə münasibətlərdə öz siyasətlərini izlədiklərini bildirib.

Kənani bildirib ki, İranın regiondakı təsiri və rolu “təbii və milli imkanlarına uyğundur” və ayrı-ayrı şəxslərin, nəşrlərin və medianın ritorikası ilə formalaşmır.

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə toxunan Kənani İraqın paytaxtı Bağdadda indiyə qədər 5 raund danışıqlar aparıldığını və danışıqların qaldıqları yerdən davam edəcəyinə ümid etdiklərini bildirib.

Kənani əlavə edib ki, İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ötən həftə Əmmanda “səmərəli danışıqlar” aparıblar və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin bəyanatlarını alqışlayıblar.

GÜNÜN MANŞETLERİ