Ermənistan yaxın vaxtlarda Azərbaycandan 7 600 ton həcmində neft məhsulunun ölkəyə daxil olmasını gözləyir.
İslamazeri.com xəbər verr ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
Nazirin məlumatına görə, 2026-cı il yanvarın 8-nə olan vəziyyətə əsasən, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana artıq 8 485 ton Rusiya mənşəli taxıl çatdırılıb. Bundan əlavə, 4 103 ton taxıl və 7 600 ton Azərbaycan neft məhsulu hazırda yoldadır. Gözlənilən yanacaq həcminə 6 100 ton benzin və 1 500 ton dizel yanacağı daxildir.
Papoyan xatırladıb ki, 2025-ci il ərzində dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana ümumilikdə 6 580 ton taxıl gətirilib. Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəli olub. Həmin dövrdə, eyni zamanda, 1 210 ton Azərbaycan benzini də ölkəyə çatdırılıb.
Nazir vurğulayıb ki, Azərbaycandan yanacağın yeni partiyasının daxil olması Ermənistanda benzin və dizel qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə yanacağın litrinə görə 80 drama (təxminən 0,36 manat) qədər qiymət azalması gözlənilir. Papoyan əlavə edib ki, bu proses fonunda yanacaq satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin aşağı salınması istiqamətində addımlar atırlar.