Dini Qurumlara yeni sədr təyinatı/ Ramin Məmmədov kimdir?

Dini Qurumlara yeni sədr təyinatı/ Ramin Məmmədov kimdir?
Yayınlanma tarixi: 8.04.2024 11:45:13

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

İslamazeri.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dini Komitənin yeni sədri Ramin Məmmədov kimdir?

Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Ağdərə şəhərində doğulmuşdur. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmiş, 2008–2009-cu illərdə “Avrositi Holdinq”in vitse-prezidenti, 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır.

İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

Ramin Məmmədov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 12 677 səs və ya ümumi səslərin 56,2%-ni toplayaraq deputat seçilmişdir.

Ramin Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il tarixli 1908 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunmuşdur. Hal-hazırda Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O, həmçinin, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.

Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.

Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilmişdir.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Qeyd edək ki, 8 aprel tarixində Azərbaycan Prezidenti R. Məmmədovun DQİDM-nə sədr seçilməsilə bağlı sərəncam imzalayıb.

 

GÜNÜN MANŞETLERİ