CNN: ABŞ Ordusunun İrandakı qızlar məktəbini vurması təsdiqləndi

CNN: ABŞ Ordusunun İrandakı qızlar məktəbini vurması təsdiqləndi
Yayınlanma tarixi: 7/8/2026 11:19:01 AM

ABŞ Silahlı Qüvvələrinin komandanlığı fevral ayında İrana təşkil edilən hava hücumları zamanı Minab şəhərindəki qızlar məktəbinin hədəf alınmasını təsdiqləyib. Məlum olub ki, rəhbərlik əməliyyatdan öncə kəşfiyyat məlumatlarının köhnəldiyi barədə edilən xəbərdarlıqlara əhəmiyyət verməyib.

İslamazeri.com-un verdiyi xəbərə görə, bu barədə CNN telekanalı özünün etibarlı mənbələrinə istinadən gizli məqamları açıqlayıb.

10 illik köhnə kəşfiyyat məlumatları

Mənbələr bildirir ki, hücum planı hazırlanarkən sistemdə rəsmi qeydlər mövcud olub. Həmin qeydlərdə zərbə endiriləcək obyektlərin siyahısının 10 il əvvəlki məlumatlara əsaslandığı və mütləq yenidən yoxlanılmalı olduğu açıq şəkildə vurğulanıb. Buna baxmayaraq, Pentaqon rəhbərliyi xəbərdarlıqlara göz yumaraq köhnəlmiş siyahıdakı koordinatların vurulmasına yaşıl işıq yandırıb.

CNN-in mənbəsi əlavə edib ki, ABŞ hərbçiləri qızlar məktəbinin vurulmasından cəmi bir neçə gün sonra faciənin əsl səbəbini (səhv hədəf seçildiyini) müəyyənləşdiriblər. Lakin rəsmi Vaşinqton aparılan daxili təhqiqatın nəticələrini indiyə qədər dünya ictimaiyyətindən gizli saxlayır.

Faciənin miqyası: 168 məktəbli şəhid olub

Xatırladaq ki, fevralın 28-də İran rəsmiləri ABŞ və İsrail tərəfindən Minab şəhərində qızlar üçün ibtidai məktəbin bombalandığını bəyan etmişdi. Bu dəhşətli hücum nəticəsində 168-i uşaq olmaqla, ümumilikdə 175 nəfər həyatını itirib, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən sonra ABŞ Prezidenti Donald Tramp heç bir sübut göstərmədən hadisədə birbaşa İran ordusunu ittiham etmişdi. Lakin qısa müddət sonra dağıntılar altından tapılan raket qalıqlarının ABŞ-yə məxsus hərbi sursatlar olduğu rəsmən sübuta yetirilib.

GÜNÜN MANŞETLERİ