Bu il TƏBİB-ə 2173 şikayət daxil olub

Bu il TƏBİB-ə 2173 şikayət daxil olub
Yayınlanma tarixi: 20.12.2022 11:04:25

Bu il TƏBİB-ə 8648 müraciət daxil olub, onlardan 2173-ü şikayət xarakterlidir.

İslamazeri.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib.

O bildirib ki, şikayətlər ümumi müraciətlərin 25%-ni təşkil edib:

"Daxil olan şikayətlərin mövzuları müayinə və müalicə prosedurları üzrə 28%, müəssisənin infrastrukturu ilə bağlı 20%, etik davranış qaydalarının pozulması üzrə 13%, iş və əmək münasibətlərinin pozulması üzrə 13%-dir. Daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmununu ilkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir".

V.Qurbanov eyni zamanda qeyd edib ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib:

"Bu günlərdə ölkə başçısına təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqları ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq".

GÜNÜN MANŞETLERİ