Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb.
Azərbaycan–Rusiya Birgə Komissiyası Samur transsərhəd çayının su ehtiyatlarının idarə olunması və bölüşdürülməsi ilə bağlı yekun protokol imzalayıb.
İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Məlumata görə, iki ölkə arasında "Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 29-cu iclası iyulun 9-da Qusar rayonunda keçirilib.
İclas Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiyanın Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.
Görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
İclas zamanı Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub. Görüşün yekununda görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.