Azərbaycan qanunvericiliyinə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir

Azərbaycan qanunvericiliyinə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir
Yayınlanma tarixi: 1/29/2026 10:33:52 AM

Azərbaycan qanunvericiliyinə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir.

İslamazeri.com xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə (CPM) dəyişiklik təklif edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə görə, əsas məqsəd kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir.

Qanun layihəsində texnoloji tərəqqiyə uyğun olaraq köhnəlmiş ifadələr müasir terminlərlə əvəz edilir. Belə ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir.

Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir. Bu dəyişikliklər elektron sübutların etibarlılığını, yolverilənliyini və məhkəmədə qiymətləndirilməsinin şəffaflığını artırmağa xidmət edəcək.

Bundan başqa, layihəyə əsasən, CPM-ə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunmuşdur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq"sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Məlumat verilib ki, layihə hazırlanarkən Almaniya, ABŞ, Türkiyə, Böyük Britaniya, Niderland, Özbəkistan kimi ölkələrin qanunvericilik təcrübəsi yaxından öyrənilib.

GÜNÜN MANŞETLERİ

Dağıstanda iki İŞİD terrorçusu məhv edildi - VİDEO
REGİON / RUSİYA

Dağıstanda iki İŞİD terrorçusu məhv edildi - VİDEO

1/29/2026 12:25:25 PM
Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...

1/29/2026 11:34:01 AM
Ruzi duası
DİN

Ruzi duası

1/29/2026 11:15:44 AM