Ayətullah Xamenei İrandakı son hadisələr barədə

Ayətullah Xamenei İrandakı son hadisələr barədə
Yayınlanma tarixi: 12.01.2023 16:57:13

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bildirib ki, düşmənlər öz səhv hesablamaları ucbatından ölkədə baş verən son hadisələrdə uğursuzluğa düçar olublar.

İslamazeri.com xəbər verir ki, Həzrət Fatimənin (s.ə) mübarək mövludu münasibətilə bir qrup Əhli-Beyt (s.ə) məddahı Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Bu görüşdə Ayətullah Xamenei ölkədə baş verən son hadisələrdə düşmənin planını və hesabını açıqlayaraq deyib:

"Bu hadisələrdə düşmənin planı əhatəli olsa da, hesablaması yanlış idi".

Ayətullah Xamenei vurğulayıb ki, düşmən ölkəni parçalamaq və məhv etmək üçün bütün zəruri amillərdən istifadə edib:

"Bu amillər arasında iqtisadi amil də var idi. Çünki ölkənin iqtisadi vəziyyəti yaxşı deyildi. Ona görə də insanların güzəranı onların istifadə edə biləcəyi amil idi. Həmçinin təhlükəsizlik məsələsi, casus dəstələrinin sızması, iranofobiya, etnik, dini, siyasi və şəxsi motivlərin qızışdırılması, geniş təbliğat aylar əvvəl düşmənləri hərəkətə gətirən digər dağıdıcı amillər idi".

Ayətullah Xamenei düşmənin səhv hesablamaları ucbatından uğursuzluğa düçar olduğunu bəyan edib:

"Düşmənlər elə bilirdilər ki, iqtisadi problemlər üzündən İran xalqı onların dağıdılmasına və separatçı planlarına dəstək verəcək. 

Onlar elə bilirdilər ki, ölkə rəsmilərini müxtəlif təhqirlərlə meydandan qovacaqlar. Onlar düşünürdülər ki, qarışıqlıq və ölkənin yüksək vəzifəli şəxsləri arasında münaqişə yarada bilərlər. Düşünürdülər ki, bəzi ölkələrin neft dollarları ABŞ-ın xidmətində olmaqla İslam Respublikasının iradəsinə təsir edib gənclərimizi ümidsizliyə sala bilərlər. Ancaq səhvlər etdilər və heç kim onlara əhəmiyyət vermədi. 

Düşmənlər səhv etdilər. Çünki İslam Respublikasının iradəsi və qətiyyəti onların bütün qüdrət ünsürlərindən daha güclü idi".

Düşmənlərin 40 ildir İrana qarşı hərəkətə keçmək üçün əllərindən gələni etdiklərini bildirən Ayətullah Xamenei düşmənin hesablamalarının səhv olduğu üçün uğursuzluğa düçar olduqlarını və gələcəkdə də uğursuzluğa düçar olacaqlarını bildirib.

GÜNÜN MANŞETLERİ