İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Xameneinin İnqilabın şəhid liderinin dəfn və vida mərasimi münasibətilə bəyanatı yayımlanıb
İslamazeri.com xəbər verir ki, bəyanatda Ayətullah Xameneinin qisas və intiqamının mütləq alınacağını bildirib.
Bəyanatda deyilir ki, əhd edirik ki, sizin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının intiqamını cinayətkar və rüsvay olmuş qatillərdən alacağıq. Bu intiqam millətimizin tələbidir və mütləq reallaşmalıdır.
Ayətullah Seyid Müctəba Xamenei vurğulayıb ki, siyahısı mövcud olan bu cinayətkarlar yataqda rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar.
"Bismillahir-rəhmanir-rəhim
Əssəlamu əleykə ya Sarallahə vəbnə sarihi vəl-vitrəl-movtur. Əssəlamu əleykə və əla cəddikə və əbikə və ummikə və əxikə vəl-məsuminə min vuldik.
Salam olsun o İmama ki, qiyamının həyatbəxş sədası Nəbəvi bəsətin (peğəmbərliyin) əzəmətli və gur əks-sədasını tarixin ən dərin qatlarına qədər uzatdı və onun təsiri ilə İran İslam İnqilabı meydana gəldi. Elə bir inqilab ki, mahiyyətcə Hüseyni idi, Hüseynin şüarı və məramı ilə quruldu və boy atdı. İranın şəhid rəhbəri də məhz bu məramla böyüdü. O, Hüseyni idi, Hüseyni düşündü, Hüseyni hərəkət etdi, Hüseyni cihad və müqavimət göstərdi, Hüseyni yaşadı və Hüseyni bir şəkildə qanını Hüseyn məktəbi yolunda fəda edərək şəhadətə qovuşdu.
Hüseynilərin cərgəsində elə kəslər var ki, Hüseyn yolunda və Hüseyn (əleyhissalam) məktəbi və məramı üçün qanları məzlumcasına yerə töküləndə, İslam ümməti hərəkətə keçir; o zaman həmin an Aşuraya, həmin məkan isə Kərbəlaya bağlanır. İndi də həmin Hüseyni coşqu millətimizə bir dirçəliş (bəsət) bəxş edib, böyük Xomeyninin və şəhid Xameneinin məktəbinə yeni bir təcəlli qazandırıb. Hüseynin (əleyhissalam) məzlumluq sədasının və onun "Mənə kömək edəcək bir köməkçi varmı?" (Həl min nasirin yənsuruni) nidasının İranda, daha sonra isə İraqda və digər ölkələrdə yaratdığı, batili lərzəyə salan həyatbəxş dalğalanma məhz budur. Bu münasibətlə İran və İraqın şəhər və kəndlərində, xüsusilə Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəddə xalqın on milyonlarla ölçülən, heyrətamiz, düşmən sarsıdan və tarixi iştirakına görə səmimi qəlbdən təşəkkür etməyə dəyər.
Millətimiz Hüseynin qanının davasını aparır. Bu böyük millət illər boyu öz övladlarını Hüseyn yolunda, Hüseynin və Hüseyni məramın düşmənləri ilə döyüşdə fəda edib. İndi də o Həzrətin və zəmanənin hüseynilərinin qanının davasını aparmaqdadır.
İndi isə şəhid rəhbərimizə xitabən deyirəm: Ey məzlum şəhid! Ey başı uca məzlum! Ey Allahın saleh bəndəsi! İndi ki yaşlı gözlər və sınıq qəlblərlə sizin cənazənizlə vidalaşırıq, sizə söz veririk ki, məktəbinizi qoruyub saxlayacaq, çəkdiyiniz o doğru yolu (sirati-müstəqimi) mətanətlə addımlayacaq, bu yolda çətinliklərdən qorxmayacaq və sizin kimi ilahi müjdələrə, vədlərə qəlbən bağlanacağıq. Əhd edirik ki, sizin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının intiqamını cinayətkar və rüsvay olmuş qatillərdən alacağıq. Bu intiqam millətimizin tələbidir və mütləq reallaşmalıdır. Yuxarıdan aşağıya siyahısı mövcud olan bu cinayətkarlar, yataqda rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu iş şəxsən mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu hədəf gerçəkləşəcək və tezliklə dünyanın dörd bir yanındakı azadlıqsevər insanların hər biri bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcək.
Ey ümmətin şəhid atası, ömrü boyu arzusunda olduğunuz şəhadət şərbətini içmək sizə ağız dadı olsun. Ananız pak Zəhradan, babanız Əba Əbdillahil-Hüseyndən və Əbülfəzl Abbasdan (əleyhimus-səlatu vəs-səlam) nişanələr daşıyan bir bədənlə şəhadət libasını geyinmək sizə mübarək olsun. Və siz, ey onun məzlum yoldaşları ki, qəfil düşmən hücumuna məruz qalıb şəhid oldunuz; xoş sizin halınıza ki, indi bəlkə də dəfələrlə rəhmət və lütfünü hiss etdiyiniz o Mövlanın qonağısınız. Hamı üçün, xüsusən də bu torpağın insanları üçün ilahi rəhmət qapısı olan o Ağa (İmam Rza) indi sizin ev sahibinizdir və onun təhlükəsiz pənahı sizin eviniz olub.
Və Siz, ey uca məqamlı sərvər! Ey kəramətli şəxsiyyət! Ey rəhmli İmam! Ya Əbəl Həsən ər-Rza əl-Murtəza – Allahın ən üstün salavatı sizə olsun –, indi həzrətinizin və pak itrətin xadimlərindən birinin parça-parça olmuş cismi, illərlə davam edən çalışqanlıq, cəhd və fasiləsiz cihaddan sonra, hər biri Kərbəla çölünün şəhidlərindən birini xatırladan ailəsinin şəhidlərinin bədənləri ilə birlikdə bu pak torpaqda uyuyur; o günə qədər ki, ilahi əmrlə aləmi nura qərq edən günəş, Həzrət Bəqiyyətullah (əcl-Allahü təala fərəcəhuş-şərif) qeyb pərdəsi arxasından çıxsın və yer kürəsinin insanlarına ilahi rəhmət nurunu saçsın. Çox tezliklə yetişməsini ümid etdiyimiz o gündə, siddiqlərdən, şəhidlərdən və övliyalardan olan ulduzlar o Həzrəti müşayiət edəcəklər. Ümid edirik ki, şəhid rəhbərimiz də onlardan biri olacaq və bir daha Ələst əhdinə vəfa və cihadın parlaq, saf səhnələrini nümayiş etdirəcək; bəlkə də bu yoldaşları o gün də onu müşayiət edəcəklər.
Ey rəhmli Mövla! Hər şeyini sizin yolunuzda sərf edən rəhbərimizi və onun şəhid yoldaşlarını sizə və ali lütfünüzə tapşırırıq ki, dünya həyatında sizin lütfünüzdən bəhrələndikləri kimi, bundan sonra da eyni şəkildə, bəlkə də ondan qat-qat üstün və daha çox bəhrələnsinlər.
Sonda bir daha Sərvərimiz Həzrət Bəqiyyətullaha (əcl-Allahü təala fərəcəhuş-şərif) başsağlığı verir və o mehriban şəxsiyyətdən xahiş edirik ki, öz pak dualarını İranın şəhid rəhbərinə, onun şəhid yoldaşlarına və bütün şəhidlərə şamil etsin; Uca və Böyük Haqdan bütün şəhidlər üçün uca məqamlar, onların geridə qalanlarına səbr və mükafat (əcr), məzlum İran milləti üçün isə qəti və yaxın zamanlarda qələbə və yardım diləsin, inşallah."