ABŞ-da ölüm hökmləri geri qayıdır? - 4 hərbçi edam ediləcək

ABŞ-da ölüm hökmləri geri qayıdır? - 4 hərbçi edam ediləcək
Yayınlanma tarixi: 6/7/2026 11:45:35 AM

ABŞ-da ölüm hökmləri geri qayıdır?

İslamazeri.com xəbər verir ki, ABŞ ordusu, Prezident Donald Trump tərəfindən göstəriş veriləcəyi təqdirdə ölüm cəzasına məhkum edilmiş dörd məhbusun edamını həyata keçirməyə hazırdır.

ABC News-un araşdırdığı daxili hərbi sənədə əsasən, bu addım ABŞ-da yarım əsrdən artıq fasilədən sonra ilk hərbi edamların həyata keçirilməsinə yol aça bilər.

Sənədə görə, fevral ayında hazırlanmış “Qətiyyətli Ədalət Əməliyyatı” adlı plan ordu rəsmilərinə Kanzas ştatındakı hərbi intizam həbsxanasında saxlanılan məhbusların İndiana ştatındakı federal edam mərkəzinə köçürülməsi üçün Federal Həbsxanalar Bürosu ilə koordinasiya qurmağı tapşırır.

ABC News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Trampın ilk prezidentlik dövründə mülki edamları məhz bu mərkəzdə həyata keçirib.

ABŞ-da son hərbi edam 1961-ci ildə icra olunub. Məlumata əsasən, əsgər John Bennett Avstriyada 11 yaşlı qıza təcavüz və qətl cəhdinə görə edam edilmişdi.

Ordunun sözçüsü Cynthia Smith isə bildirib ki, hərbçilər digər mümkün tapşırıqlarda olduğu kimi, edam planları ilə bağlı da mütəmadi təlimlər keçirirlər. Onun sözlərinə görə, ordu Ağ Evdən gələ biləcək göstərişlərə əvvəlcədən hazır olmağa çalışır.

Smit qeyd edib:

“Bu əməliyyatla bağlı təlimlər son 20 ildə müntəzəm şəkildə keçirilir. Prezident ölüm hökmünü təsdiqləyəcəyi halda hazırlıq və qabaqcadan planlaşdırma işlərimizin standart hissəsidir.”

O əlavə edib ki, indiyədək prezidentdən bu istiqamətdə xüsusi göstəriş daxil olmayıb.

Tramp ötən il Vaşinqton şəhərində törədilən qətllərə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan prezident fərmanı imzalamış və bunu paytaxtın xüsusi statusu ilə əsaslandırmışdı.

ABŞ Ədliyyə Nazirliyi həmin dövrdə ölüm cəzasının tətbiq sahəsini ölkə üzrə genişləndirmək üçün çalışacağını açıqlamışdı.

Bu ilin aprel ayında isə nazirlik federal səviyyədə edamların yenidən başlanması, mövcud moratoriumun ləğvi və güllələnmə də daxil olmaqla edam üsullarının genişləndirilməsi istiqamətində siyasət yürüdəcəyini bəyan edib.

GÜNÜN MANŞETLERİ